Dünyanın əsas pivə istehsalçılarından olan "Carlsberg" şirkəti Rusiyada istehsalını və flaqman brendi altında məhsulların satışını dayandırdığını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
"Biz Rusiya bazarında flaqman "Carlsberg" brendimizin istehsalını və satışını dayandıracağıq. "Baltika" pivə zavodları işçilərimizi və onların ailələrini dəstəkləmək üçün ayrıca biznes qismində idarə olunacaq", - şirkətin açıqlamasında deyilir.
Ötən həftə "Carlsberg" Rusiyaya yeni investisiyaları və "Baltika" pivə zavodlarına ixracı dayandırdığını bildirib. Şirkət həmçinin, reklam fəaliyyətini də dayandırıb.
"Carlsberg Azerbaijan" şirkətindən "APA-Economics"ə bildirilib ki, bu qərarın şirkətin Azərbaycandakı fəaliyyətinə birbaşa təsiri olmayacaq.