Yaxın vaxtlarda dağıstanlı sahibkarların Azərbaycan, Gürcüstan, Özbəkistan və Qazaxıstana biznes missiyaları təşkil olunacaq.
"APA-Economics" "Mirmol" gənclərin regionlararası informasiya resursuna istinadən xəbər verir ki, bu barədə Dağıstan İxraca Dəstək Mərkəzi direktoru Ruslan Abasquliyev Dağıstan Respublikası hökumətinin iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, regional mərkəzin dəstəyi ilə 23 dağıstanlı sahibkar 9,6 mln. ABŞ dolları dəyərində 26 ixrac müqaviləsi imzalayıb.
Mərkəz həmçinin Dağıstan məhsullarının xaricdə tanıdılması üzərində işləyir və artıq bu ilin əvvəlində Bakıda Dağıstan sərgi pavilyonunun açılması üçün səkkizillik layihə icra olunub.
R. Abasquliyev bir sıra yeni dəstək tədbirlərinin tətbiqini təklif edib – malların ixracı zamanı nəqliyyat logistika xərclərinin ödənilməsi, Dağıstan mallarının və xidmətlərinin xaricdə təbliği, sərgi və yarmarkaların təşkili və s.
O həmçinin bildirib ki, 2021-ci ildə və 2022-ci ilin birinci rübündə Dağıstan İxraca Dəstək Mərkəzi respublikanın 102 kiçik və orta müəssisəsinə dəstək göstərib. Dağıstanlı sahibkarların İran, Tacikistan, Azərbaycana biznes missiyaları təşkil olunub, BƏƏ və Qazaxıstandan biznes nümayəndə heyətləri dəvət olunub.