“Bütün restoranların, çayxanaların menyularında qiymətlər yazılmalıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
Deputat bildirib ki, eyni zamanda onların qiymətinə onlayn da baxmaq mümkün olmalıdır: “Bazar iqtisadiyyatı özü qiymətləri tənzimləyəcək. Yaşayış minimumuna aid olan qiymətlərə isə dövlət özü nəzarət etməlidir. Biz uzun illərdir, bazar iqtisadiyyatına keçmişik. Kafe, restoranlar qiymət artımını kənd təsərrüfatı məhsullarının qiymətinin artması ilə əlaqələndirir. Dövlət qurumlarının kafe, restoran və otellərdə qiymətlərinə qarışmasının əlehniyəm. Çünki azad bazar iqtisadiyyatdır, sahibkar özünü rahat hiss etməlidir. Bu halda rəqabət qanunu öz işini görəcək. Hotellərin qiymətləri isə bütün dünyada belədir. Seçimlər var və insanlar hansı hotel büdcəsinə uyğundursa, orada dincələ bilər. Biz bütün obyektləri, hotelləri məcbur etməliyik ki, hamısının rəsmi formada qiymətləri və bu qiymətlərə onlayn baxmaq mümkün olsun. Bu da insanların seçimini formalaşdıracaq”.