“Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra bazarlarda ucuzlaşma olacaqmı? Rəqabət Məcəlləsinin idxal olunan mallar üzrə ucuzluq yaradacağını zənn etmirəm, vətəndaşlarımız da boşuna ümidlənməsinlər. Ucuzluq necə yaranacaq, bunu sadə izahla bilmək istərdik”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.
Razi Nurullayev deyib ki, digər məsələ təbii inhisarlarla bağlıdır: “Bu gün SOCAR, onun tərkibinə daxil olan “Azəriqaz”, üstəgəl “Azərişıq, “Azərenerji”, AZAL - hamısı təbii inhisarçılardır. Bu Məcəllə onlara necə təsir edəcək, bu, anlaşılan deyil. Gözəl sözlər, bəlağətli cümlələr yazıla bilər, amma real həyatda onlar əksini tapmayacaq. Bu baxımdan hansı addımlar atılacaq? İkincisi, yuxarıda adını çəkdiyim şirkətlərdən başqa da şirkətlər olacaqmı ki, onlar aralarında rəqabət aparsın ki, Rəqabət Məcəlləsi də onları tənzimləsin?”
Parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib ki, Rəqabət Məcəlləsi “Məişət zorakılığı haqqında” qanunun vəziyyətinə salınmamalıdır: “Yəni hamı biləcək ki, belə Məcəllə var, ancaq bu sahədə problem olanda harasa şikayət etmək mənasızdır. Belə olmasın”.
Qanunların icrasında problemlərin olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev iqtisadiyyatın neft-qazdan çox asılı olduğunu, neft hasilatının da azaldığını söyləyib: “Qeyri-neft sektorunun inkişafı vacibdir. Haqsız rəqabət olmamalıdır. Digər tərəfdən, böyük özəlləşdirməyə gedilməlidir, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Bir məqamı da qeyd etmək istəyirəm. Rəqabət qanunvericiliyinin pozulmasına görə cərimələrin müəyyən hissəsi cərimə tətbiq edən orqanın əməkdaşlarına ayrılacaq. Bu, yanlışdır. Belə çıxır ki, onlar cərimənin tətbiqində maraqlı olacaqlar”.