Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların hüquqlarının pozulması ilə bağlı 4 500-ə yaxın müraciət daxil olub.
"APA-Economics" xəbər verir ki, bunu istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələrə dair maarifləndirmə kurslarının açılış tədbirində çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu dövrdə görülən tədbirlər nəticəsində 330 min manat dəyərində istehlakçı tələbi təmin olunub.
"Təəssüflər olsun ki, bəzən istehlakçıların hüquqları pozulur və bununla bağlı Dövlət Xidmətinə müraciətlərin sayı son dövrlərdə artıb. Şikayətlər elektronika məhsulları, məişət əşyalarında yaranan qüsurlar və istehlak mallarının dəyişdirilməsi və qaytarılması qaydalarının pozulması, istehlakçı ilə sahibkarlıq subyektləri arasında bağlanan müqavilə şərtlərinin yerinə yetirilməməsi halları ilə bağlıdır", - deyə S. Məmmədov qeyd edib.
O həmçinin əlavə edib ki, son dövrlərdə pandemiya ilə bağlı elektron ticarətin əhatəsinin genişləndirilməsi, sosial şəbəkələrlə satış, eləcə də xarici ölkələrdən sifariş verilən malların daşınması ilə bağlı şikayətlər də artıb: "Bu istiqamətdə də istehlakçıların hüquqlarının təmin edilməsi, onların müraciətlərinə vaxtında baxılması və istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı müvafiq tədbirlər görülür".