Dubayda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Azərbaycanın investisiya cəlbediciliyi barədə məlumat verilib, Azərbaycan və BƏƏ arasında bərpa olunan enerji, sənaye, turizm, rəqəmsallaşma, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, kiçik və orta biznesin inkişafı, ərzaq təhlükəsizliyi və digər sahələrdə əməkdaşlıq imkanlarının böyük olduğu qeyd edilib. İqtisadiyyat naziri M. Cabbarov, torpaqların işğaldan azad olunmasının yeni reallıqlar və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar yaratdığını vurğulayaraq, bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işləri, o cümlədən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradıldığını, Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başladığını diqqətə çatdırıb. Vurğulanıb ki, sənaye, kənd təsərrüfatı, enerji, tranzit, turizm sahələrində böyük resurslara malik Qarabağ bölgəsində tərəfdaşlıq qarşılıqlı faydalı əməkdaşlığımıza əlavə stimul verə bilər.
İclasın sonunda Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumunun BƏƏ-dəki Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən qurumu “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığı ehtiva edir.
***
03-11-2021
12:22
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak edib.
“APA-Economics”in məlumatına görə, o, bu barədə “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, Birgə Hökumətlərarası Komissiya ölkələr arasında tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır.
“Komissiyanın 8-ci iclasında investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik”, - nazir əlavə edib.