Qlobal iqtisadiyyatda baş verən şoklar zamanı ən həssas sahələrdən biri ticarət olsa da, eyni zamanda bərpanın əsas kanallarından biri də məhz ticarətdir.
APA xəbər verir ki, bunu Misirin Planlaşdırma və İqtisadi İnkişaf naziri Əhməd Rostom Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təşkil olunan “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində etdiyi çıxışında deyib.
O bildirib ki, ticarət iqtisadi artım və məşğulluğun yaradılması üçün mühüm amildir, lakin geosiyasi gərginliklər və qlobal böhranlar zamanı ilk təsirlənən sahələrdən birinə çevrilir: “Təəssüf ki, böyük şoklar zamanı ilk ötürücü kanal ticarət olur. Amma müsbət tərəfi odur ki, bərpa prosesinin və iqtisadi canlanmanın ilk kanalı da yenə ticarətdir”.
Rostom qeyd edib ki, son qlobal böhranlar ölkələrə mühüm dərslər verib: “Heç bir ölkə belə şoklarla təkbaşına mübarizə apara bilməz. İqtisadi inteqrasiyanın gücləndirilməsi, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və beynəlxalq ticarət kanallarının möhkəmləndirilməsi dayanıqlılığın artırılması üçün vacibdir”.
Misir rəsmisi vurğulayıb ki, qlobal ticarətin davamlılığı üçün logistika mərkəzlərinə və nəqliyyat infrastrukturuna strateji investisiyalar tələb olunur: “Şoklardan sonra ticarətin yenidən sürətlənməsi üçün malların qlobal hərəkətini təmin edən logistika qovşaqları və mərkəzləri qurmaq lazımdır”.
Onun sözlərinə görə, ticarət maliyyəsi də bu prosesin əsas elementlərindən biridir: “Böhran dövrlərində ticarətin risklərdən qorunması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan beynəlxalq inkişaf maliyyə institutlarının, xüsusilə Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) üzv ölkələrə dəstəyi mühüm rol oynayır”.
Rostom bildirib ki, Misir ITFC və digər inkişaf tərəfdaşlarının dəstəyini ölkənin maliyyə sisteminə inteqrasiya edərək ticarətin maliyyələşdirilməsinə çıxışı genişləndirir.
O əlavə edib ki, sərhədlərarası mal dövriyyəsini asanlaşdıran infrastruktur və ticarət prosedurlarının təkmilləşdirilməsi iqtisadi bərpa və biznes mühitinin gücləndirilməsi üçün əsas şərtlərdən biridir.