2025-ci ilin noyabrında Bakıda Azərbaycan hökuməti ilə Ərəb Koordinasiya Qrupunun rəhbərliyi arasında yüksək səviyyəli dəyirmi masa keçirilib və tərəflər infrastruktur, enerji keçidi, rəqəmsal əlaqəlilik, su ehtiyatları və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanları müəyyən ediblər.
APA xəbər verir ki, bunu Azərbaycan Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Dayanıqlı inkişaf naminə Ərəb Koordinasiya Qrupu ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi” adlı sessiyada çıxışında deyib.
Onun sözlərinə görə, görüş zamanı birgə fəaliyyət və gələcək maliyyələşdirmə təşəbbüsləri üçün çərçivə yaradan niyyət bəyannaməsi də imzalanıb.
Ülvi Mansurov bildirib ki, dayanıqlı inkişafın təmin olunması üçün hökumətlər, inkişaf maliyyə institutları, suveren investorlar və özəl sektor arasında tərəfdaşlıq həlledici əhəmiyyət daşıyır:
“Özəl sektor artıq inkişafın sadəcə benefisiarı deyil, onun əsas hərəkətverici qüvvəsidir. Məşğulluğun yaradılması, innovasiyaların tətbiqi, məhsuldarlığın artırılması və dayanıqlı iqtisadiyyatların qurulmasında mühüm rol oynayır”.
O qeyd edib ki, infrastruktur, enerji, ərzaq təhlükəsizliyi, rəqəmsal transformasiya və iqlim dayanıqlılığı sahələrində mövcud imkanların reallaşdırılması üçün heç bir qurum təkbaşına kifayət qədər investisiya təmin edə bilməz.
Fond rəhbəri əlavə edib ki, Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və ölkə rəhbərliyi ilə keçiriləcək yüksək səviyyəli görüşlər yeni investisiya təşəbbüslərinin formalaşmasına töhfə verəcək.
“Ərəb Koordinasiya Qrupu inkişaf institutları arasında koordinasiyanın resursların səfərbər edilməsinə, təcrübə mübadiləsinə və təsirin artırılmasına necə xidmət etdiyini nümayiş etdirib. Biz daha çox birgə maliyyələşdirmə, innovasiya və sərhədlərarası investisiya layihələrinin həyata keçirilməsini gözləyirik”, – Ülvi Mansurov vurğulayıb.