Hüquqi şəxslərin sənədlərinin elektron dövlət (e-dövlət) qeydiyyatı bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiyası təmin edilib.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda təşkil olunan onlayn seminarda qeyd olunub.
Tədbirdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, bu sistemdən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib.
Bildirilib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılan islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.
Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və kağız daşıyıcısında əldə edilməsinə ehtiyac olmur.
Qeyd olunub ki, bu ilin yanvar-noyabr ayları ərzində 10 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,5% çoxdur. Qeydiyyatdan keçən kommersiya qurumlarından 90,7%-i yerli investisiyalı, 9,3%-i xarici investisiyalı müəssisələrdir. Onların 82,8%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib.
Yanvar-noyabr aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%-ə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9%-ə çatıb.