Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası dəyişir.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Qaydaya əsasən, vəsaitdən istifadə şərtləri müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqaviləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilən kredit xəttinin maksimum həcmi 5 milyon manatdır. Kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müvəkkil kredit təşkilatının sifarişi əsasında Müsabiqə Komissiyası müəyyən edir. İndiyə qədər limit üzrə vəsait istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilərdi. Dəyişikliyə əsasən, limit üzrə vəsaitin istifadə müddəti ərzində müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Müsabiqə Komissiyası onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə limit üzrə əlavə vəsait müəyyən edə bilər.
Digər dəyişikliyə əsasən, bank olmayan kredit təşkilatları üçün nizamnamə kapitalından artıq məbləğdə vəsaitin ayrılması bank qarantiyası əsasında həyata keçiriləcək.
Hazırda müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna 1 ay qalanadək tam istifadə edilmədikdə, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və istifadə edilməmiş vəsait Müsabiqə Komissiyasının qərarı ilə digər müvəkkil kredit təşkilatlarına ayrılır. Bundan sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilin əvvəlində limit üzrə müəyyən edilmiş vəsaitdən maliyyə ilinin başa çatmasına 3 ay qalanadək, müvəkkil kredit təşkilatlarının müraciəti əsasında sonradan açılmış limitlərdən isə ilin sonuna sonunadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə limit üzrə vəsait müəyyən edilən tarixdən etibarən, müvafiq olaraq, oktyabr ayının 1-dək və ya dekabr ayının 31-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır və limitin istifadə edilməmiş və (və ya) müvəkkil kredit təşkilatlarının məlumatlarına əsasən istifadəsi nəzərdə tutulmayan hissəsi Müsabiqə Komissiyasının qərarı ləğv edilir və (və ya) həmin maliyyə ili üzrə ilə digər müvəkkil kredit təşkilatlarına ayrılacaq. Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Agentliyə müraciət edə bilərlər. Bir il ərzində bir müvəkkil kredit təşkilatına ayrılan limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 30 faizindən çox ola bilməz.
Hazırda müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları müqavilə ilə müəyyən olunmuş müddətlərdə ödəyirlər. Dəyişikliyə əsasən, artıq müvəkkil kredit təşkilatları istifadə etdikləri əsas borcu və hesablanmış faizləri Agentliklə bağladıqları müqaviləyə uyğun olaraq hər ay üzrə növbəti ayın ilk 5 iş günündən gec olmayaraq Agentliyə ödəməlidirlər.
Artıq kredit portfeli digər müvafiq kredit təşkilatına keçirilərkən müvəkkil kredit təşkilatının müraciəti əsasında Müsabiqə Komissiyasının müəyyən etdiyi qaydada kreditin müddəti bir ilədək uzadılmaqla bir dəfə restrukturizasiya oluna biləcək.
Bundan sonra sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektləri vaxtından əvvəl faizləri və ya əsas borcu ödəyərsə, həmin faizlərin bu Qaydaya uyğun olan hissəsi və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 5 iş günündən gec olmayaraq Agentliyin hesabına köçürülməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Agentliyin hesabına köçürülməsini gecikdirdikdə, bu Qaydaya uyğun olaraq cərimə ödəməlidirlər. Vəsaitin köçürülməsi 15 iş günündən çox gecikdirildikdə, Müsabiqə Komissiyası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxara bilər.
Agentlik sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Agentliyə köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduqda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən köçürmələrdə uyğunsuzluq aşkar edərsə, bu barədə Agentliyə məlumat verir.
Bundan sonra artıq sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına güzəştli kreditlərlə bərabər lizinqlər verilə bilər. Başqa sözlə, 1 milyon manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün lizinq vəsaiti verilə biləcək.
Yeni qaydaya əsasən, artıq sahibkarlıq subyektlərinə Agentliyin vəsaiti hesabına yeni bağların salınması məqsədilə bu Qaydada nəzərdə tutulmuş güzəştli kreditlər verildikdə həmin güzəştli kreditlərin müddəti 6 ilədək, kreditlər üzrə güzəşt müddəti isə 36 ayadək müəyyən ediləcək.
İndiyə qədər kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 il olub. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilməyib.
Dəyişikliyə əsasən, artıq lizinq müddəti də güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 il olacaq. Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün lizinqlərə də güzəşt müddəti şamil edilməyəcək.
Qüvvədə olan Qaydaya görə, Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Eyni zamanda müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalı idi.
Dəyişikliyə əsasən, artıq müvəkkil kredit təşkilatlarının Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi (Agentliyin tətbiq etdiyi faizlər də daxil olmaqla) müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün 7 faizdən, kənd təsərrüfatı kooperativlərinə veriləcək bütün növ kreditlər üçün isə 5 faizdən artıq olmamalıdır.