Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin maliyyə mənbələrindən istifadə etməsi məqsədilə kredit təminatı fondunun yaradılması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu fondun yaradılması daha çevik maliyyə resurslarının sözügedən sektora yönəlməsinə şərait yarada bilər.
"Digər tərəfdən, kiçik və orta biznesin xarici iqtisadiyyat fəaliyyətinə yol açması olduqca vacibdir. Çünki hər hansı bir istehsalın və yaxud da məhsulun nəticələri mütləq onun xarici bazara necə daşınmasından asılı olaraq müəyyənləşir və bu keyfiyyət göstəricisi onun üzərində qurulur. Ona görə də qanun bu istiqamətdə çərçivə yaratdı ki, bu çərçivələrdən istifadə etmək imkanı kiçik və orta biznes üçün əlverişli şərait yaradıb" , - deyə F. Mustafa qeyd edib.