Büllur məmulatların istehsalı sahəsində ixtisaslaşan məşhur “Moser” (Çexiya) manufaktura müəssisəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş eksklüziv güldan kolleksiyası hazırlayıb.
Yeni kolleksiya Azərbaycan tarixində Ümummilli liderin qətiyyətli fəaliyyəti ilə bağlı olan taleyüklü məqamların xatirəsini əbədiləşdirir.
160 ildən artıqdır ki, “Moser” bülluru sosial status və estetik zövqün rəmzi hesab olunur.
Məhsulların əl ilə cilalanması və rəsm, ornament və naxışların əl ilə həkk olunması (qravürü), eləcə də rəngli büllurun təkrarolunmaz keyfiyyəti və zəngin çalarları “Moser” markasını fərqləndirən və ona dünya şöhrəti gətirən xüsusiyyətlərdir.
Kral ailələrinin evlərini, eləcə də prezident iqamətgahları və “Moser” brendinə dəyər verən insanların mənzillərini bu brendin eksklüziv məhsulları bəzəyir.
Əlbəttə, “Liderlərin bülluru” adlandırılan “Moser” brendi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi kimi əlamətdar bir hadisəni diqqətdən kənar qoya bilməzdi. Üç vazadan ibarət olan eksklüziv kolleksiya bu dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram əlamətidir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini məhz Heydər Əliyevin səyləri nəticəsində qoruyub saxlamaq mümkün olub.
Müstəqil Azərbaycanın tarixində ən mühüm mərhələlərdən biri Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ərsəyə gələn “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş (HPBS) ölkəmizin neft sənayesinin inkişafı tarixində yeni səhifə açdı.
Həmçinin, “Əsrin müqaviləsi” ölkənin sürətli inkişafı və qlobal iqtisadi arenada Azərbaycanın rolunun güclənməsi üçün əlverişli zəminə çevrildi. Çexiyalı mahir əl işi ustaları “Yeni dövr” güldanının tərtibatında neft buruqlarının qravür təsvirini verməklə bu tarixi hadisəni əbədiləşdirmişlər.
1994-1996-cı illərdə Qarabağ münaqişəsinin həlli çərçivəsində Heydər Əliyev tərəfindən atılan müdrik və qətiyyətli addımlar “Qarabağ inciləri” güldanının yaradılması üçün ilham mənbəyi olmuşdur. Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qarabağ Lissabonda keçirilən ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının V Zirvə toplantısının iştirakçıları tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındı və bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması baxımından mühüm rol oynadı.
“Qarabağ inciləri” güldanında təsvir olunan Qarabağ atları ədalətin təntənəsi və ölkəmizin danılmaz bütövlüyünün rəmzidir.
Kolleksiyanın üçüncü məhsulu - “Gələcəyin sədası” güldanının üzərində Ümummilli liderin uzaqgörən siyasəti və nüfuzu sayəsində təmin olunan parlaq gələcəyin və tərəqqinin rəmzi - Heydər Əliyev Mərkəzinin təsviri var. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsləri sayəsində Azərbaycanın sosial-iqtisadi və mədəni sahələrində dirçəliş dövrü başladı. Biz isə uğurlu inkişaf vektoru sayəsində həyatımızın dəyişərək dəyərlərlə zənginləşdiyini aydın şəkildə görə bilirik.
Əl işi olan hər üç güldan hərəsindən bir ədəd olmaqla və ən incə xırdalıqlara xüsusi diqqət yetirməklə hazırlanmış unikal sənət əsəridir.
“Moser” qab-qacaq və dekor əşyaları “Ambiance” butikində təqdim olunur:
Ünvan: 28 May küçəsi, 5A.