Mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı artıb

Mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı artıb
# 28 yanvar 2022 17:14 (UTC +04:00)

2021-ci il ərzində 305 308 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu göstəricinin 64 737-si (21,2%-i) ilkin, 240 571-i (78,8%-i) isə təkrar qeydiyyatın payına düşüb.

2021-ci il ərzində mülkiyyət hüququnun qeydiyyatı aparılan daşınmaz əmlakların sayı 2020-ci ilin göstəricisi ilə müqayisədə 28,6% artıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 48 588-i fərdi yaşayış və bağ evi, 91 546-sı mənzil, 152 706-sı torpaq sahəsi, 3 593-ü qeyri-yaşayış binası, 8 019-u qeyri-yaşayış sahəsi, 809-u əmlak kompleksi, 47-si isə çoxmərtəbəli yaşayış binasıdır.

Qeyd edək ki, ötən il ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 101 906-sı Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Ötən il ərzində 16 082 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2020-ci illə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 20,5% artıb. Analoji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən il torpaq sahələrinin ilkin qeydiyyatı 2020-ci illə müqayisədə 23,8% artaraq 15 637, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 37,1% artaraq 3 670 olub.

2021-ci il ərzində 237 447 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, 2020-ci il ilə müqayisədə 18,9% artım deməkdir. 2021-ci ildə qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 2020-ci illə müqayisədə 64,5% artaraq 53 775 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR