“Nar” bu il də universitetlərə qəbul imtahanlarında yüksək bal toplayanları mükafatlandırdı
Ən çox nəyə yatırım etməliyik? Yəqin ki çoxumuzun bu suala cavabı “təhsil” olacaq. Çünki təhsildə qazanılan hər bir nailiyyət gələcək həyatımızdakı uğurların təməli ola bilir. “Nar” da davamlı olaraq məhz təhsilin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də universitetlərə qəbul imtahanlarında ən yüksək bal toplayan şəxslərin mükafatlandırılmasıdır. “Nar” 7 ildir, bu layihəni həyata keçirir.
Mobil operator bu il də ənənəsini davam etdirdi və Modern.az İnformasiya Agentliyi ilə birlikdə “İlin abituriyenti” adı altında baş tutan mükafatlandırma tədbiri reallaşdı. Tədbirdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən 10 abituriyent, onların valideynləri, özəl və dövlət sektorundan nümayəndələr və media iştirak edirdi.
“Bu, onu göstərir ki, siz məqsədyönlüsünüz”
“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbiri giriş sözü ilə açaraq gəncləri təbrik etdi və bildirdi: “Əziz gənclər, göstədiyiniz yüksək nəticə ilə Azərbaycan gənclərinin nəyə qadir olduğunu sübut etmiş oldunuz. Böyük əzm və zəhmət hesabına əldə etdiyiniz bu yüksək göstəricilərinizlə siz gələcək abituriyentlərə nümunə oldunuz. İnanıram ki, ali təhsil həyatınızda da biliyinizlə tələbə yoldaşlarınıza örnək olacaq və daha da böyük uğurlar qazancaqsınız”.

“Bu potensial sizdə var, özünüzə inanın”
Millət vəkili Şahin İsmayılov yüksək bal toplayan gənclərə məsləhət gördü ki, tələbəlik dövründə yaxşı təhsil almaqla kifayətlənməsinlər: “Tələbəlik illəri insan həyatının ən maraqlı dövrü olsa da, çox tez sona çatır. O dövrü səmərəli keçirmək lazımdır. Həm dostlar qazanmalı, həm gələcək karyeranın təməlini qoymalı, həm də öz inkişafın üçün addımlar atmalısan. Bu dövrdə elmi potensialınızı ictimai aktivliklə birləşdirsəniz, əmin olun ki, gələcəkdə siz elmli, savadlı, perspektivli, Azərbaycanın gələcəyini quran insanlar olacaqsınız. Bunu qulağa xoş gələn söz kimi demirəm, bu potensial sizdə var, özünüzə inanın”.

Millət vəkili Ceyhun Məmmədov gənclərə tövsiyələrini verdi və “Nar”a təşəkkür etdi: “Yüksək bal göstəricisi önəmlidir, amma yetərli deyil. Zamanın çağırışları belədir ki, daim özünüzü təkmilləşdirməlisiniz. Universitet dövründə öz üzərində işləyənlərə sonra iş həyatına başlamaq da asan olur. Ümid edirəm ki, tələbəlik dövründə bunu nəzərə alacaqsınız. Sizə uğurlar arzu edirəm. Təşkilatçılara təşəbbüsləri üçün təşəkkürümü bildirirəm. Bu layihələr önəmlidir və gənclərimizə əlavə stimul verir”.
Digər çıxış edənlər də gəncləri təbrik etdilər, onlara öz təcrübələrindən irəli gələrək tövsiyələrini verdilər, bu uğurun həyatları boyunca onları izləməsini arzuladılar.
“Nar” ən yüksək nəticə göstərən 10 abituriyentə qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə etdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.

“Bütün gün yox, effektiv oxumağa çalışmışam”
Tədbir bitdikdən sonra gənclərlə həmsöhbət olduq. 686 balla Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasına qəbul olan Saud Hüseyn deyir ki, yüksək bal çəkilən zəhmətin nəticəsidir: “Oxuduğum orta təhsil müəssisəsi, müəllimlərim, valideynlərim, hər biri zəhmət çəkdi. Mən isə bütün gün yox, effektiv oxumağa çalışmışam. Çəkilən əziyyət heç vaxt itmir, istədiyimiz nəticəni göstərməyin sevincini yaşayırıq. “Nar”ın sevincimizə şərik olması da xoş oldu. Yüksək bal toplayanları diqqətdə saxlamaları təhsilə verdikləri dəyəri göstərir”.
Ölkəmizdə təhsilin inkişafı “Nar” üçün hər zaman prioritet məsələlərdən olub. Bu istiqamətdə davamlı layihələr həyata keçirir, təhsillə bağlı layihələrə dəstək göstərir. Yeni tədris ilində də təhsilin dəstəklənməsi “Nar”ın planlarında ön yerlərdədir.

693 balla ADA Universitetinin riyaziyyat fakültəsinə qəbul olan Ləman Qasımova deyir ki, yüksək nəticə kompleks məsələlərə bağlı olaraq əldə edilir: “Bəzən abituriyentlər çox oxuyurlar, beyinlərini dincəlməyə qoymurlar. Bu isə heç də yaxşı nəticə vermir. Mən həm oxuyurdum, həm də dincəlməyə önəm verirdim. Nəticəsi də yaxşı oldu. Bizimlə eyni vaxtda həm müəllimlərimizin, həm də valideynlərimizin zəhmətinin və verdikləri motivasiyanın nəticəsidir ki, bu gün mən də yüksək nəticə göstərən biri olaraq tədbirə dəvət edilmişəm. “Nar”dan əlaqə saxlayıb mükafatlandırma üçün dəvət etməkləri sürpriz oldu. Təhsilimizə diqqətləri üçün təşəkkür edirəm”.

“Nəticəmiz diqqətdədir”
686 balla Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olan Mehin Əliyeva da göstərdiyi nəticəyə səbəbin aşağı siniflərdən davamlı yaxşı oxumaq olduğunu deyir: “Bəzən şagirdlər aşağı siniflərdə dərsləri yola verirlər, deyirlər ki, onsuz axırda hazırlığa gedəndə öyrənərəm. Yaxud arada hansısa dərsləri buraxırlar. Dərslərdə də, hazırlıqda da davamlılıq önəmlidir. Arada nə isə qalıbsa, qayıdıb onu öyrənmək lazımdır. Bir də öyrənmək həvəsi olmalıdır. Bal toplamaq üçün öyrənsən, nəticə olmayacaq. Mən bal toplamaq üçün yox, sevdiyim üçün oxuyurdum”.
Mehin deyir ki, bu uğurunun davamlı olması üçün çalışacaq: “Nar”ın uğurumuzda yanımızda olması sevindirdi. Həm də göstərir ki, nəticəmiz diqqətdədir və bu, bizim məsuliyyətimizi daha da artırır. Bilirəm ki, yüksək bal yetərli deyil, uğurumuzun davam etməsi üçün də əlimizdən gələni etməliyik”.

Tədbirin sonunda həmsöhbət olduğumuz digər gənclər də üzərlərindəki məsuliyyəti hiss etdiklərini dedilər. Uğurlarının davamlı olması üçün tələbəlik dövründə də öz üzərlərində işləməli olduqlarının vacibliyini vurğuladılar.
“Nar” da gənclərə həyatlarının növbəti mərhələsi olan universitet dövründə nümunəvi tələbə olmağı, yüksək nəticələrin həyatları boyunca davam etməsini arzu edir.
Ölkəmizdə təhsilin inkişafı “Nar” üçün hər zaman prioritet məsələlərdən olub. Bu istiqamətdə davamlı layihələr həyata keçirir, təhsillə bağlı layihələrə dəstək göstərir. Yeni tədris ilində də təhsilin dəstəklənməsi “Nar”ın planlarında ön yerlərdədir.