“Qanunvericilikdə sırf qumarxana ilə bağlı cəzalar nəzərdə tutulub. Ancaq hazırda fiziki obyekt yaratmadan da qumar oyunları təşkil etmək mümkündür. Ona görə də qanunvericiliyə qumar oyunları anlayışı daxil edilir”.
APA-nın məlumatına görə, bunu bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.
R. Nəcəf deyib ki, məqsəd büdcəyə daha çox vəsait cəlb etməkdir: “Digər tərəfdən, mənfəətdən deyil, dövriyyədən vergiyə cəlb etmə tətbiq olunacaq. Bu da bu sahədə fəaliyyət göstərən sahibkarları stimullaşdırmaq məqsədi daşıyır. Prosedurlar daha təkmil qaydada nəzərdə tutulub”.
İqtisadiyyat nazirinin müavini qeyd edib ki, bəzən vətəndaşları aldatmağa yönəlik stimullaşdırıcı lotereyalar olur: "Ona görə də stimullaşdırıcı lotereyaların sərbəst buraxılması çətin məsələdir”.