Nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektləri tərəfindən sui-istifadə hərəkətlərinə dair meyarlar müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.
Layihəyə əsasən, bir təsərrüfat subyektinin bazar payının 35 faizdən aşağı olmasına baxmayaraq, rəqabəti əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq və ya ona təsir etmək imkanı təsdiq olunarsa, həmin təsərrüfat subyekti nisbətən yüksək bazar gücünə malik hesab edilir. Mikro, kiçik və orta sahibkarlıq subyektləri mütəmadi olaraq nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektinə bazarın ümumi şərtlərindən fərqli və özü üçün daha əlverişsiz şərtlərlə məhsulu satmağa və ya ondan almağa məcbur olduqda, habelə alternativ alıcılar və ya satıcılarla əlaqə yaratmaq imkanı məhdud olduqda, mikro, kiçik və orta sahibkarlıq subyektləri həmin təsərrüfat subyektindən asılı hesab edilir. Nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektinin aşağıdakı hərəkətləri sui-istifadə halları hesab olunmaqla qadağan edilir:
- nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri digər təsərrüfat subyektlərinin xidmətlərindən istifadə etmək üçün heç bir imkana malik olmadıqda və ya məhdud imkana malik olduqda, aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi və hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq edilməsi hərəkətlərinə yol verməsi;
- nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə rəqib olduğu müvafiq bazarda müəyyən dövr ərzində maya dəyərinə bərabər və ya ondan aşağı qiymətə məhsulu təklif etməsi və ya satması;
- müvafiq bazarda rəqibləri olan mikro, kiçik və orta sahibkarlıq subyektlərindən iqtisadi əsas olmadan özünün təklif etdiyi qiymətdən daha yüksək qiymətə məhsulun satılmasını tələb etməsi;
- nisbətən yüksək bazar gücünə malik təsərrüfat subyektlərindən asılı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması.