"Procter & Gamble Company" (P&G) istehlak malları korporasiyası ABŞ və Kanadada quru şampun və yaxalayıcılar daxil olmaqla, 30-dan çox sprey şəklində olan məhsullarını geri çağırıb.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkətin "Pantene" və "Herbal Essences" brendlərinə aid olan məhsullarının geri çağırılmasının səbəbi onların tərkibində xərçəngə səbəb olan kimyəvi maddənin aşkarlanması göstərilir.
Geri çağırılmaya həmçinin, şirkətin ABŞ-da istehsal olunan "Aussie" və "Waterless" brendlərinin məhsulları və P&G-nin insan kanserogeni olan benzolun "gözlənilməz səviyyədə" aşkarlandığı "Old Spice" və "Hair Food" brendlərinin istehsalı dayandırılmış bəzi məhsulları daxildir.
Qeyd edək ki, pərakəndə və onlayn satışa buraxılan geri çağırılan məhsulların sayı açıqlanmasa da, sözügedən məhsullar şirkətin saça qulluq məhsulları portfelinin 1%-dən azını təşkil etdiyi bildirilir.