Son üç ildə qlobal geosiyasi vəziyyətin mürəkkəbləşməsi və bunun nəticəsində qlobal əmtəə bazarlarında yaranan qeyri-müəyyənlik şəraitində milli iqtisadiyyatımız üçün yeni imkanlar və çağırışlar yaranıb.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
O qeyd edib ki, qlobal ticarət sistemini parçalamaq təhlükəsi yaradan geosiyasi gərginliklər Azərbaycan üçün narahatlıq doğurur.
“Bunu nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri iqtisadiyyatın rəqabət qabiliyyətinin təmini, ixracyönümlü iqtisadi modelə keçidin reallaşdırılması, yüksək texnoloji tutumlu məhsulların istehsalının təşkil edilməsi və qlobal dəyər zəncirində xüsusi paya malik olmaqdan ibarətdir” - Şahmar Mövsümov əlavə edib.