Rusiya aviaşirkətləri Qərbin sanksiyaları, o cümlədən xaricə və Rusiyanın cənubuna uçuşlara qoyulan məhdudiyyətlər səbəbindən mart ayında 1 milyondan çox sərnişin itirə bilər.
"APA-Economics"in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə "VTB Capital"ın analitiki Yelena Saxnova bildirib.
O bildirib ki, fevral ayı üzrə sərnişin axınında nəzərəçarpacaq azalma müşahidə olunmayacaq. Belə ki, məhdudiyyətlər ayın son günlərindən başlayıb.
"Martda biz 1 milyondan çox sərnişinin azalacağını gözləyirik", - Saxnova bildirib. Aviaşirkətlər bu həcmin 60%-ni Avropa və ABŞ-a uçuşların məcburi ləğvi, 40%-ni isə Rusiya Federasiyasının mərkəzi və cənub hissələrinə uçuşların məhdudlaşdırılması səbəbindən itirəcəklər.
Qeyd edək ki, 2021-ci ilin martında Rusiya aviaşirkətləri 6,5 mln., əvvəlki ilin analoji ayında isə 6,4 mln. sərnişin daşıyıb. 2019-cu ilin mart ayı ərzində sərnişin daşınması 8,9 mln. nəfər səviyyəsində olub.