Bu ilin yanvarın 1-dən bu günədək Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 213 investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6 mln. manat güzəştli kredit verilib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Fonddan bildirilib.
Qeyd olunub ki, verilən kreditlər hesabına 246 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Güzəştli kreditlərin iqtisadi sahələr üzrə bölgüsünə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 202 layihəyə 4,1 mln. manat, sənaye məhsullarının istehsalı üzrə 9 layihəyə 1,3 mln. manat, xidmət sahələri üzrə isə 2 layihəyə 4,2 mln. manata yaxın kredit verilib", - SİF-dən bildirilib.
Həmçinin qeyd olunub ki, 16 mart 2022-ci il tarixinədək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində sahibkarlara 22 mln. manat subsidiya ödənilib.
"Pandemiyadan zərər çəkmiş sahibkarlara mövcud kredit portfeli üzrə ödənilən subsidiyanın məbləği 63,2 mln. manat təşkil edir", - Fonddan qeyd ediblər.