Bank Of Baku

Misirli nazir: İƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə illik çatışmazlıq 290 milyard dollara çatır

Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom

© APA | Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom

# 17 iyun 2026 15:44 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatına (OIC) üzv ölkələrdə infrastrukturun maliyyələşdirilməsi üzrə illik çatışmazlıq təxminən 290 milyard ABŞ dolları təşkil edir.

APA xəbər verir ki, bunu Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Əhməd Rostom Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlıqları (PPP)” sessiyasında deyib.

Nazir bildirib ki, regional inteqrasiya və sərhədlərarası əlaqəlilik artıq seçim deyil, zərurətə çevrilib:

“İqtisadi artımın sürətləndirilməsi, dayanıqlılığın gücləndirilməsi, ticarətin genişləndirilməsi və rifahın artırılması istiqamətində hədəflərə yalnız birgə fəaliyyət göstərməklə nail olmaq mümkündür”.

Onun sözlərinə görə, qlobal infrastruktur tələbatı 2030-cu ilə qədər hər il təxminən 6,9 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir:

“Bununla yanaşı, dünyada illik 2,5-3 trilyon ABŞ dolları həcmində maliyyələşmə çatışmazlığı mövcuddur. OIC ölkələrində isə bu göstərici təxminən 290 milyard ABŞ dollarıdır. Çatışmazlığın 53 %-i yol infrastrukturu, 38 %-i isə telekommunikasiya, elektrik enerjisi və su sektorlarının payına düşür”.

Rostom qeyd edib ki, bu boşluğun aradan qaldırılması üçün innovativ maliyyələşdirmə mexanizmlərinə ehtiyac var: “Dövlət-özəl tərəfdaşlığı layihələri milli layihələrlə müqayisədə daha mürəkkəbdir. Sərhədlərarası PPP layihələri müxtəlif hüquqi sistemləri, siyasi mühitləri və maraqları əhatə etdiyindən onların həyata keçirilməsi əlavə risklər yaradır”.

Nazirin sözlərinə görə, əsas problemlərdən biri müxtəlif ölkələr arasında vahid PPP standartlarının olmamasıdır: “Standartlaşdırılmış qaydaların çatışmazlığı, uzun danışıqlar prosesi, yüksək əməliyyat xərcləri və məqsədlərin uyğunlaşdırılmaması layihələrin icrasını çətinləşdirir”.

O vurğulayıb ki, çoxtərəfli inkişaf bankları bu problemlərin həllində mühüm rol oynaya bilər: “İslam İnkişaf Bankı Qrupu və digər çoxtərəfli maliyyə institutları zəmanət mexanizmləri, ticarətin maliyyələşdirilməsi alətləri və məsləhət xidmətləri vasitəsilə sərhədlərarası PPP layihələrinin risklərini azaltmağa kömək edə bilər”.

Rostom əlavə edib ki, İslam maliyyəsi və qarışıq maliyyələşdirmə mexanizmləri ilkin mərhələdə risklərin azaldılmasına və layihələrin investisiya cəlbediciliyinin artırılmasına imkan verir: “Transsəhra avtomobil yolu təşəbbüsü və digər regional nəqliyyat və enerji dəhlizləri dənizə çıxışı olmayan ölkələrin qlobal bazarlara inteqrasiyasını təmin edən uğurlu nümunələrdir”.

Nazir sessiya iştirakçılarını sərhədlərarası PPP layihələrinin inkişafı üçün hüquqi və tənzimləyici çərçivələrin uyğunlaşdırılması istiqamətində daha sıx əməkdaşlığa çağırıb.

“Bu müzakirələr nəzəri fikir mübadiləsindən kənara çıxmalı və konkret layihələrə çevrilməlidir”, – o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR