Bank Of Baku

Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsinin ilkin nəticəsi 5 ildən sonra müşahidə olunacaq

Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsinin ilkin nəticəsi 5 ildən sonra müşahidə olunacaq
# 10 noyabr 2008 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsinin nəticələri artıq yaxın 5-6 ildən sonra müşahidə etmək mümkün olacaq. Bu barədə «APA-Economics»ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
Nazirin sözlərinə görə, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində ən böyük işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən aparılır. Həmçinin, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi də iş görür: «Yaxın 5-6 il ərzində bu işlərin nəticələrini müşahidə etmək mümkün olacaq ki, təmizlənmiş ərazilər on minlərlə hektar sahəni əhatə edəcək».
H.Bağırov onu da qeyd edib ki, neftlə çirklənmiş ərazilərdə obyektlərin tikintisi mənfi amildir: «Belə ki, həmin ərazilərdə buxarlanma prosesi gedir və burada tikinti işləri aparmaq olmaz. Bunun qarşısını almaq lazımdır. Belə hallar baş verir və eyni zamanda bununla mübarizə də aparılır».
Qeyd edək ki, hazırda Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) ölkədə «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi»ni həyata keçirir. DB bu layihəyə 164 mln. ABŞ dolları ayıracaq. Üç mərhələdən ibarət olan layihədə DB Fövqəladə Hallar Nazirliyinə radioaktiv tullantıların təmizlənməsi üçün 74 mln. dollar, ARDNŞ-ə 1 000 hektar ərazinin təmizlənməsi və avadanlıqların alınmasına 60 mln. dollar və məişət tullantıların idarə edilməsi sahəsində yardıma 29,5 mln. dollar ayıracaq.
Xatırladaq ki, Abşeron yarımadasının neftlə çirklənmiş hissəsi 33,3 min hektar təşkil edir, bunun da 15 min hektarı ARDNŞ-in balansındadır. Torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən artıq 63 mln. manat, Azərbaycan büdcəsindən isə 18,5 mln. manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR