Bank Of Baku

«Azəriqaz» sədri Əlixan Məlikov: «Azərbaycanda əhali abonent qrupu üzrə istehlak edilmiş qaza görə ödəniş bizi qane etmir»

«Azəriqaz» sədri Əlixan Məlikov: «Azərbaycanda əhali abonent qrupu üzrə istehlak edilmiş qaza görə ödəniş bizi qane etmir»
# 23 yanvar 2009 11:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda əhali abonent qrupu üzrə istehlak edilmiş qaza görə ödəniş 60% təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu «Azəriqaz» QSC-nin sədri Əlixan Məlikov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ə.Məlikovun sözlərinə görə, bu göstərici «Azəriqaz»ı qane etmir və abonentlərə yanvarın 25-dək borclarını ödəmələri üçün vaxt verilib.
«Hansı rayonda qaz pulunun ödənişi hansı səviyyədədirsə, biz o rayona həmin həcmdə qaz veririk. Məsələn, rayonda yığım 65%-dir. Həmin rayona tələbatı miqdarında 100 mln. kubmetr deyil, 65 mln. kubmetr qaz veririk», - deyə Ə.Məlikov əlavə edib.
Ötən ilin göstəriciləri barədə məlumat verən Ə.Məlikovun sözlərinə görə, 2008-ci ildə «Azəriqaz» ARDNŞ-dan 11,205 mlrd. kubmetr qaz qəbul edib. Bunun 2,027 mlrd. kubmetri «Azəri-Çıraq-Günəşli» yataqlar bloku, 2,332 mlrd. kubmetri isə «Şahdəniz» yatağından hasil olunan qazın payına düşüb.
Bu qaz həcmindən 4,509 mlrd. kubmetr «Azərenerji» ASC-yə, 441 mln. kubmetr Gürcüstana nəql olunub. «Azəriqaz»ın əmtəəlik qazı 4,518 mlrd. kubmetr təşkil edib ki, bunun dəyəri 258 mln. manat həcmində hesablanıb. Lakin faktiki olaraq ödəniş 165 mln. manat təşkil edib.
Ötən il «Azəriqaz» dövlət büdcəsinə 45 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna 12,5 mln. manat ödəyib, həmçinin əməkhaqqına 37,6 mln. manat, əsaslı təmir işlərinə 15 mln. manat, əsaslı tikinti işlərinə 30 mln. manat sərf olunub.
Azərbaycanda 2008-ci ildə ilk dəfə olaraq yeraltı qaz anbarlarına 1,4 mlrd. kubmetr təbii qaz vurulub. Bu günədək həmin qazdan 470 mln. kubmetri istifadə olunub və sutkada yeraltı anbarlardan 10 mln. kubmetrə yaxın qaz götürülür.
«Elə yerlər var ki, orada qazın təzyiqinin aşağı olması ödənişin səviyyəsi ilə, bəzi yerlərdə isə texniki məsələlərlə bağlıdır», - deyə «Azəriqaz» rəhbəri vurğulayıb.
Ötən il 4 rayona, ümumilikdə 147 yaşayış məntəqəsinə qaz verilib, 1000 km-ə yaxın qaz kəməri çəkilib. Bu da abonentlərin sayını təxminən 40 min artırıb.
Ə.Məlikov qazlaşdırma prosesinin sürətləndirilməsi məqsədi ilə qaz təsərrüfatı idarələrində «bir pəncərə» sisteminin tətbiq olunduğunu qeyd edib.
Qeyd edək ki, hazırda «Azəriqaz»ın respublika üzrə ümumilikdə 1,2 mln. abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR