Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti bu il kapital qoyuluşunu 40% artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti bu il kapital qoyuluşunu 40% artıracaq
# 29 yanvar 2009 14:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2008-ci il ərzində 836,5 mln. manat kapital qoyuluşu həyata keçirilib və 2009-cu ildə bu göstəricinin 38,6% artırılaraq 1 159,3 mln. manata çatdırılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ötən il ARDNŞ Bahar-Hövsan-Suraxanı qaz kəmərinin inşasını başa çatdırıb. Sualtı hissəsinin uzunluğu 32 km, quru hissəsinin uzunluğu 9,5 km olan kəmərin ötürmə qabiliyyəti sutkada 5 mln. kubmetrdir. Kəmər «Günəşli» yatağından hasil edilən qazın «Şimal» elektrik stansiyasına, eləcə də Bakının ətraf rayonlarının əhalisinə və sənaye müəssisələrinə nəqli üçün nəzərdə tutulub. Bu günlərdə kəmərdə sınaq işləri başa çatdırılıb.
Bu il «Günəşli» yatağında ümumi uzunluğu 15-20 km olan 8-9 platformalararası qaz kəmərinin inşasını planlaşdırılır. Eləcə də sıxıcı-kompressor stansiyalarının inşasına diqqət yetiriləcək. «Neft Daşları»ndakı 2 saylı Sıxıcı-Kompressor Stansiyasını (SKS-2) 4 aqreqat gücünədək (sutkada 3,6 mln. kubmetr) genişləndirilməsi barədə göstərişlər verilib. Stansiyanın vəzifəsi «Günəşli» və «Çıraq» yataqlarından gələn aşağı təzyiqli səmt qazının sıxılaraq 5 atmosferdən 55 atmosferə çatdırılmasıdır. Hazırda stansiya ümumi gücü sutkada 7,4 mln. kubmetr olan 12 aqreqatdan ibarətdir. Əlavə 4 aqreqatın quraşdırılması stansiyanın gücünü sutkada 11 mln. kubmetrədək artırmağa imkan verəcək. Stansiyanın aprel ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Bu il həmçinin «Günəşli» yatağındakı 4 nömrəli platformada kompressor stansiyasının inşası, «Neft Daşları» NQÇİ-də 4 nömrəli qaz-lift kompressor stansiyasının rekonstruksiyası və sıxım gücünün 100 atmosferə çatdırılması nəzərdə tutulub.
ARDNŞ-dan həmçinin bildirilib ki, Azərbaycanın «Qaradağ» yeraltı qaz anbarında sutkalıq tutumu 7 mln. kubmetr və təzyiqi 160 atmosfer olan 5 motokompressor aqreqatından ibarət iri kompressor stansiyası inşa edilir. Artıq lazımi avadanlıqlar əldə edilib. Stansiyanı qış mövsümü üçün yanacağın yığılması dövrünə qədər istismara vermək planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR