Bank Of Baku

Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək
# 04 fevral 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 25-27-də Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda həyata keçirəcəyi «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»nin mütəxəssisi Tianxua Luo (Tianhua Luo) Bakıya gələcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən məlumat verilib.
Ofisdən bildirilib ki, T.Luonu AİB-in layihələr üzrə analitiki xanım Anisiya Rullan (Anicia Rullan) müşayiət edəcək: «Səfər zamanı AİB-in nümayəndə heyəti layihə çərçivəsində «Azərenerji» ASC ilə danışıqlar aparacaq və layihənin icrasına rəsmən start veriləcək».
Qeyd edək ki, layihə çərçivəsində AİB Azərbaycan hökumətinə 160 mln. ABŞ dolları həcmində kredit ayırıb. Kredit 25 il müddətinə ayrılıb və iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.
İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına şərait yaradacaq. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 160 mln. dolları AİB, 80 mln. dolları isə «Azərenerji» ASC-nin üzərinə düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR