Bank Of Baku

Nazir: «Azərbaycan bu ilin ortalarınadək qızıl istehsalına başlayacaq»

Nazir: «Azərbaycan bu ilin ortalarınadək qızıl istehsalına başlayacaq»
# 04 fevral 2009 14:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) sənaye üsulu ilə qızıl istehsalına 2009-cu ilin ortalarınadək başlamağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Nazirin sözlərinə görə, ABMƏŞ qızıl istehsalına ötən ilin avqustunda başlamağı planlaşdırsa da, bəzi texniki səbəblərdən işlər ləngiyib.

H.Bağırovun sözlərinə görə, Azərbaycanda qızıl istehsalı yerli bazarda qiymətlərə təsir göstərməyəcək. Yerli qızılın keyfiyyətinə gəldikdə isə H.Bağırov qeyd edib ki, bu metalın necə emal ediləcəyindən və neçə faiz təmiz qızıl çıxarılacağından asılıdır.

Nazir Azərbaycanın qızıl ehtiyatlarının bir neçə yüz ton olduğunu vurğulayıb: «Bu ehtiyatın daha çox olduğu ehtimal edilir. Kəşf olunan yeni yataqlarda aparılan araşdırmalar bu ehtimalların doğru olub-olmadığını göstərəcək. Hazırda geoloji kəşfiyyat işləri davam etdirilir».

Qeyd edək ki, Azərbaycanda qızıl istehsalına 2008-ci ilin son rübündə başlanması planlaşdırılsa da, bəzi texniki səbəblərlə bağlı proses ləngiyib.

«Gədəbəy» yatağının təmiz qızıl ehtiyatları təxminən 750 min unsiya həcmində qiymətləndirilir. Bundan əlavə, yataqda gümüş və mis var. Yatağın ümumi ehtiyatları isə təxminən 1,2 mln. unsiyaya bərabərdir.

Hesablamalara görə, 1 unsiya qızılın alınması üçün «Gədəbəy»də təxminən 15 ton zənginləşdirilmiş torpaq emal olunmalıdır. Hər 1 ton torpaqdan isə 2 qram qızıl almaq mümkündür.

ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Zod», Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR