Bank Of Baku

Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı Bakıda ciddi müzakirələr aparılır

Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı Bakıda ciddi müzakirələr aparılır
# 06 may 2009 10:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Türkiyənin BOTAŞ şirkətinin ekspertlərinin bu həftənin sonuna qədər Bakıda davam edəcək görüşü çərçivəsində təbii qazın yeni satış qiyməti və ixrac həcmi razılaşdırılacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Hazırda ekspertlərdən ibarət işçi qrupları səviyyəsində keçirilən görüşdə «Şahdəniz-II» layihəsi çərçivəsində Türkiyəyə nəql olunacaq təbii qazın həcmi, qiyməti, həmçinin Türkiyə ərazisindən Azərbaycan qazının digər ölkələrə tranziti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılır.

Müzakirələrə qatılan BOTAŞ-ın baş direktoru Saltuk Düzyol isə Türkiyə KİV-inə açıqlamasında təbii qazın qiyməti və Türkiyə üzərindən Azərbaycan qazının nəqli məsələlərinə dair yaxın günlərdə yeni bir razılaşmanın əldə olunacağını qeyd edib.

«Tərəflər arasında ortaq bir fikir var. Problemlərə gəlincə, burada həm Türkiyənin əlavə qaz tələbi, həm də mövcud anlaşmadan irəli gələn bəzi problemlər var. Hazırda onların həlli istiqamətində müzakirələr aparırıq», - deyə Ç.Düzyol vurğulayıb.

Azərbaycan qazının tranzitinə gəlincə, BOTAŞ rəsmisi bu məsələnin də gündəmdə olduğunu və bunun ətrafında müzakirələrin getdiyini qeyd edib: «Bu məsələ ciddi müzakirə mərhələsindədir. Müzakirələrin Azərbaycan və Türkiyənin mənafelərinə uyğun razılaşma ilə yekunlaşacağına inanıram».

Bu arada Türkiyədə jurnalistlərə müsahibə verən bu ölkənin yeni energetika və təbii sərvətlər naziri Taner Yıldız isə bildirib ki, Türkiyəyə satılacaq Azərbaycan qazının həcminin artırılması ilə bağlı müəyyən dairələrdə razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə təbii qazın 1 000 kubmetrini 120 ABŞ dollarına satır.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında qazın alqı-satqısı və tranziti ilə bağlı əsas problem Türkiyənin «Şahdəniz» yatağının II mərhələsində hasil olunacaq qazın nəqli üzrə tranzit ölkə kimi deyil, treyder qismində çıxış etmək niyyəti, həmçinin tranzit qazının 15%-ni özünə götürmək istəyi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR