Bank Of Baku

OPEC son 10 ayda ilk dəfə neft hasilatını artırıb

OPEC son 10 ayda ilk dəfə neft hasilatını artırıb
# 14 may 2009 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft ixracatçısı ölkələri Təşkilatına (OPEC) üzv olan dövlətlərin neft hasilatının həcmi bu ilin aprel ayında nəzərdə tutulmuş kvotanı 967 min barel/gün üstələyib. «APA-Economics»in «Bloomberg» agentliyinə istinadən verdiyi məlumata görə, bu artım ötən ilin iyul ayından sonra ilk dəfə baş verib. Beləliklə, İraq istisna olmaqla, OPEC-in apreldə gündəlik neft hasilatı 25,812 mln. barel təşkil edib. Müqayisə üçün qeyd edək ki, bu göstərici mart ayında 25,587 mln. barelə bərabər olub.

Neft hasilatının ən yüksək artımı İran, Anqola və Venesuelada müşahidə olunub. İranda gündəlik hasilat 3,75 mln. barel təşkil edib ki, bu da kvotadan 400 min barel çoxdur. Venesuelanın kvotası 1,986 mln. barel olduğu halda faktiki hasilat 2,15 mln. barelə bərabər olub. Anqolada isə həmin göstəricilər müvafiq olaraq 1,517 mln. barel və 1,715 mln. barel təşkil edib. Beləliklə, təkcə bu üç ölkə üzrə real hasilat kvotanı 762 min barel üstüləyib. Neft hasilatının artmasının səbəbi kimi neftin dünya bazarında bahalaşması amili göstərilir. Qeyd edək ki, hazırda WTI markalı neftin 1 barelinin qiyməti artıq 60 dollara yaxınlaşır və bu, cari il üçün maksimal hədd sayılır.

Eyni zamanda, mayın 13-də OPEC dünyada neft tələbatı üzrə öz proqnozunu açıqlayıb və həmin proqnoza əsasən, dünyanın gündəlik neft tələbatı 84,03 mln. barel səviyyəsində gözlənilir ki, bu da OPEC-in əvvəlki proqnozundan 1,8% azdır. Tələbat üzrə proqnozun azalmasının səbəbi ilk növbədə ABŞ-da ümumi, yəni həm istehsalçılar, həm də istehlakçılar tərəfindən olan tələbatın azalması və dünyada aviauçuşların azalması ehtimalları ilə bağlıdır.

Xatırladaq ki, OPEC-ə Anqola, Əlcəzair, Venesuela, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR