Bank Of Baku

Azərbaycanda qızıl ixracına nəzarət edən qurum yaradılacaq

Azərbaycanda qızıl ixracına nəzarət edən qurum yaradılacaq
# 25 iyun 2009 11:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva, Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda qızıl ixracına nəzarət edən ayrıca bir qurumun yaradılması planlaşdırılır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

H.Bağırovun sözlərinə görə, belə bir qurumun yaradılması ilə bağlı artıq Nazirlər Kabinetinə müraciət olunub: «Biz istəyirik ki, müqavilədə Azərbaycana düşən 51% paya tək Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməsin. Çünki artıq geoloji mərhələ başa çatıb. İndi xüsusi bir qurum yaradılmalıdır ki, prosesə nəzarət etsin və lazım olduqda audit keçirsin».

Nazir bildirib ki, Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, müqavilədə iştirak edən «Anglo Asian Mining Plc.» şirkəti xərclərini geri götürəcək.

«Qızılın emalı çox mürəkkəb prosesdir. Bir tonda iki qram qızıl varsa, artıq onu emal edirlər. Artıq Gədəbəydə zavod tikilərək istifadəyə verilib. Bu il bizim məhsulumuz 2-3 ton olacaq», - deyə H.Bağırov vurğulayıb.

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR