Bank Of Baku

«Neft gəlirləri: rasional bölgü və davamlı inkişaf (klaster yanaşması)» modelinin təqdimatı olub

«Neft gəlirləri: rasional bölgü və davamlı inkişaf (klaster yanaşması)» modelinin təqdimatı olub
# 10 iyul 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Himayədar Humanitar Tərəqqi» İctimai Birliyi Oxfam Novib təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Neft gəlirləri, ədalətli bölgü, yoxsulluğa son!» layihəsi çərçivəsində hazırlanan «Neft gəlirləri: rasional bölgü və davamlı inkişaf (klaster yanaşması)» modelinin təqdimat mərasimini keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə birliyin sədri Himayət Rizvanqizi neft gəlirlərindən istifadənin modelləşdirilməsi ilə bağlı mövcud vəziyyət və bu istiqamətdə görülən işlər barəsində danışıb. Onun sözlərinə görə, 2004-cü ildə 20 il (2005-2025-ci illər) müddətində hökumətin iqtisadi siyasətinin davranış qaydalarını müəyyən edən və Dövlət Neft Fonduna, eləcə də dövlət büdcəsində toplanan neft və qaz gəlirlərinin idarə olunması və istifadəsi prinsiplərini formalaşdıran «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya» qəbul edilib. Həmin sənəddə hökumət «Strategiya»nın hazırlanma səbəblərinin ölkənin karbohidrogen ehtiyatlarının genişmiqyaslı istismarı mərhələsinə qədəm qoyması, neft və qaz gəlirlərinin 2009-cu ildən başlayaraq kəskin artması, mövcud neft və qaz gəlirlərinin nisbətən qısa müddət ərzində tükənmə ehtimalı, həmçinin iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, neft və qaz gəlirlərindən asılılığın azaldılması, bu gəlirlərin bir hissəsinin gələcək nəsillərə saxlanılması zəruriliyi ilə əsaslandırıb.

H.Rizvanqizının sözlərinə görə, ölkənin neft ehtiyatlarının istismarından əldə edilən gəlirlərdən dövlətin faydalanma istiqamətləri müxtəlif, həmin istiqamətlər üzrə imkanlar isə fərqli olduğundan həmin istiqamətlərin hər biri üzrə dövlətin yürütdüyü siyasət də fərqli olmalıdır. Məhz bu, «Strategiya»nın tətbiqi üzrə mexanizmin hazırlanmasını zəruri edir.

H. Rizvanqizı bildirib ki, hələ ölkənin davamlı sosial-iqtisadi inkişafını təmin edən pilot klaster(lər) müəyyənləşdirilməyib və onun neft gəlirləri hesabına inkişaf etdirilmək imkanlarını qiymətləndirmək məqsədilə makroiqtisadi modellər işlənilməyib. O, daha sonra görülməsi vacib olan, lakin həyata keçirilməyən işlərdən, həmçinin klaster modelin qəbul olunmasını zəruri edən faktorlardan danışıb.

Qeyd edək ki, layihə çərçivəsində hazırlanmış analitika (bəzi hallarda proqnoz) məqsədli iqtisadi-riyazi modellər milli iqtisadiyyatın cari vəziyyəti qiymətləndirilməsinə imkan verib. Bu tədqiqatda, qısamüddətli dövrdə iqtisadiyyatda baş verə biləcək meyllər tədqiq olunur və klaster yanaşmasının tətbiq olunduğu təqdirdə müxtəlif ssenarilərdə ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərində baş verə biləcək dəyişikliklər qiymətləndirilir. Klaster yanaşması ölkənin daha çox rəqabət üstünlüyünə malik olan sahələrinin inkişaf etdirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR