Bank Of Baku

Reynhard Mitşek: “Yaxın zamanlarda bütün tərəflərin iştirakı ilə “Nabucco” layihəsinə dəstək sazişi imzalanacaq”

Reynhard Mitşek: “Yaxın zamanlarda bütün tərəflərin iştirakı ilə “Nabucco” layihəsinə dəstək sazişi imzalanacaq”
# 13 iyul 2009 16:33 (UTC +04:00)
Ankara. Elmin İbrahimov-APA. Ankarada keçirilən “Nabucco” kəməri layihəsinə dair hökumətlərarası tranzit sazişin imzalanması mərasimi və zirvə görüşü başa çatıb. APA-nn Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirin sonunda “Nabucco Gas Pipeline İnternational GmbH” konsorsiumunun baş direktoru Reynhard Mitşek və konsorsiumun tərkibinə daxil olan OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgarian Energy Holding” (Bolqarıstan), BOTAŞ (Türkiyə) və RWE (Almaniya) şirkətlərinin rəsmilərinin iştirakı ilə mətbuat konfransı planlaşdırılsa da, Bolqarıstan nümayəndəsi konfransda iştirak etməyib. R. Mitşek layihə barədə məlumat verərək, əsas qaz tədarükçüsünün Azərbaycan olduğunu və sonradan bu sıraya Türkmənistan və İraqın da əlavə olunduğunu deyib. Onun sözlərinə görə, layihənin ilkin olaraq ildə 8 mlrd. kubmetr, sonrakı mərhələdə isə 15 mlrd. kubmetr və 25-31 mlrd. kubmetr həcm ilə işləyəcəyi planlaşdırılır. O, eyni zamanda bu gün imzalanan sazişin 50 illik bir dövr ərzində qüvvədə olacağını və qaz tranziti üçün bərabər şərtləri təmin edəcəyini vurğulayıb.

APA-nın əməkdaşının potensial qaz tədarükçüsü olan ölkələr saziş imzalamadan və qaz mənbələrini müəyyənləşdirmədən, tranzit sazişinin imzalanmasının hansı məntiqə əsaslanması barədə sualına cavab verən R. Mitşek bugünkü razılaşmanın bəzi konturlar yaratdığını və bu çərçivədə tədarükçü ölkələrlə danışıqların davam etdirildiyini deyib.
O, kəməri təbii qazla təmin edə biləcək ölkələrdən lazımı həcmin alınması ilə bağlı müzakirələrin aparıldığını və yaxın vaxtlarda növbəti razılaşmaların, o cümlədən Layihəyə Dəstək Sazişinin imzalanacağını vurğulayıb.

APA-nın əməkdaşının Türkiyənin “Nabucco” kəməri ilə nəql olunacaq mavi yanacaqdan 15 faizinə güzəştli şərtlərlə sahib çıxmaq istəməsi ilə bağlı sualına cavab olaraq Türkiyəni konsorsiumda təmsil edən BOTAŞ şirkətinin baş direktoru Saltuk Düzyol bildirib ki, bu istək əslində Türkiyə, Yunanıstan və İtaliya arasında daha əvvəllər imzalanan sazişdən qaynaqlanıb. Onun sözlərinə görə, Türkiyənin boru kəməri ilə daşınacaq qazdan 15 faizini özü üçün götürməsi məsələsi tərəflər arasında müzakirə olunan bir mövzudur və hazırda bu şərtdən vaz keçilməsi barədə qərar verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR