Bank Of Baku

Azərbaycan dünya kimya məhsulları bazarında əsas oyunçuya çevrilir

Azərbaycan dünya kimya məhsulları bazarında əsas oyunçuya çevrilir
# 03 avqust 2009 11:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda inşa ediləcək yeni neft-kimya kompleksi istifadəyə veriləndən sonra burada ildə 400 min ton aşağı təzyiqli polietilen, 130 min ton propilen istehsal ediləcək. Bu barədə «APA-Economics»ə «Azərikimya» Dövlət Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla yanaşı, kompleksə daxil olan 19 müəssisədə yüksək təzyiqli polietilenin istehsal həcmi 2,5 dəfə artırılaraq 300 min tona çatdırılacaq, kənd təsərrüfatı ildə 1 mln. ton azot gübrələri ilə təmin ediləcək.

Kompleksdə neft-kimya və gübrə kompleksinin layihəsinin reallaşdırılması məqsədilə «Exxon Mobile» (ABŞ), «İneos» (İngiltərə), «Basell» (Hollandiya), «Uhde» («Thysenn Krupp» - Almaniya), «Technip» (Fransa), KBR (İngiltərə) şirkətlərinin müasir texnologiyalarının tətbiqi nəzərdə tutulur. Artıq adı çəkilən şirkətlərlə müqavilələr, əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

«Azərikimya» Dövlət Şirkətinin prezidenti Məcid Kərimov bildirib ki, yeni neft-kimya kompleksinin tikintisi üç mərhələdə aparılacaq. İlk mərhələ etilen, propilen, yüksək təzyiqli polietilen, aşağı təzyiqli propilen və benzol istehsalatlarının, mineral gübrələr istehsalı zavodunun və qazayırma qurğusunun inşasını nəzərdə tutur. Yeni kompleksin ilk istehsalat korpuslarının istifadəyə verilməsi ilə Azərbaycanın yeni kimya məhsulları olan propilen, polipropilen və aşağı təzyiqli polietilen ilk dəfə olaraq dünya bazarına çıxarılacaq. İkinci mərhələnin başa çatması ilə daha bir-neçə yeni məhsulun – etilen-qlikol, butadien (butadien-stirol kauçuku üçün əsas xammal), etil-benzol və stirolun istehsalına başlanacaq. Son mərhələdə isə əvvəlki mərhələlərdə alınmış kimya məhsullarının törəmələrinin, o cümlədən, müxtəlif poliolların, poliuretanın, dünya bazarında tələbatın xüsusilə çox olduğu butadien-stirol kauçukunun, polistirolun, alkilbenzolun və s. istehsalı həyata keçiriləcək.

Şirkətdən bildirilib ki, yeni kompleksdə alınacaq məhsulların hər birinə dünya miqyasında çox böyük ehtiyac var. Məsələn, möhkəm və davamlı olan polipropilen bir çox sahələrdə metalı əvəz edə bilir. Bu maddə sənayenin ən müxtəlif sahələrində – aviasiya və avtomobil sənayesində, kənd təsərrüfatı maşınlarının istehsalında müxtəlif qovşaq və hissələrin, dəqiq mexanizmlərin müxtəlif elementlərinin, tibbi cihaz və aparatların, məişət avadanlıqları və hidroizolyasiya materiallarının hazırlanmasında, toxuculuqda (texniki parçalar, sintetik xalçalar istehsalında), həmçinin digər sahələrdə geniş istifadə olunur. Aşağı təzyiqli polietilen, propilenqlikol və istehsalı nəzərdə tutulmuş digər yeni məhsullar da sənaye (həmçinin tikinti sənayesi) və kənd təsərrüfatında, əczaçılıq və yeyinti sahələrində çox işlənən bir sıra məmulatların istehsalında rol oynayır. Azərbaycanda ilk dəfə istehsalına başlanılacaq polistirol da sənayenin bir çox sahələrində ən müxtəlif konstruksiya, örtük və qablaşdırma məmulatlarının və s. hazırlanmasında öz geniş tətbiqini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR