Bank Of Baku

Gürcüstanın energetika naziri bu gün Azərbaycana gələcək

Gürcüstanın energetika naziri bu gün Azərbaycana gələcək
# 13 avqust 2009 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Azərbaycana gələcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında energetika, neft-qaz sahələrində mövcud əməkdaşlıq, əməkdaşlığın inkişaf perspektivləri kimi məsələlər müzakirə olunacaq: «Müzakirə olunan məsələlərdən biri də ARDNŞ-ın Gürcüstanda qaz anbarlarının inşası ilə bağlı olacaq».

R.Abdullayev həmçinin bildirib ki, Azərbaycanın Gürcüstanın qaz bazarında iştirak payı artıq 75%-ə çatıb: «Gələcəkdə bu rəqəmi artırmaq niyyətindəyik. Bunun üçün orada 300 mln. kubmetr həcmində qaz anbarını tikmək niyyətindəyik».

Qeyd edək ki, bundan bir qədər öncə isə A.Xetaquri «APA-Economics»ə müsahibəsində bildirib ki, ARDNŞ-ın inşa edəcəyi anbarın tutumunun tədricən artırılması nəzərdə tutulub. Belə ki, tutumun artırılması prosesi şərti olaraq üç mərhələyə bölünəcək: «İlkin mərhələdə anbarın tutumu 450 mln. kubmetr, ikinci mərhələdə 1,5 mlrd. kubmetr, üçüncü mərhələdə isə 5 mlrd. kubmetrədək artırılacaq».

Nazir həmçinin qeyd edib ki, Gürcüstan üçün bu həcmdə qazın olması həddindən artıq çoxdur və məhz buna görə regional miqyasda qazın həcminin satılması məsələsi həll olunacaq: «Biz ARDNŞ qazının həmin anbarda saxlanılması və qazın Avropaya nəql edilməsi variantlarına baxacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR