Bank Of Baku

AYİB və AİB Azərbaycanda yeni layihənin icrasına başlayır

AYİB və AİB Azərbaycanda yeni layihənin icrasına başlayır
# 17 avqust 2009 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İnvestisiya Bankının (AİB) birgə yaratdığı Çoxtərəfli Karbon Kreditləri Fondu və Azərbaycanın əsas enerji istehsalçısı olan «Azərenerji» ASC yeni layihə çərçivəsində əməkdaşlıq edəcək.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Çoxtərəfli Karbon Kreditləri Fondunun iştirakçı şirkət və müəssisələrdən istifadə olunmamış karbon emissiyası kreditlərinin alınması üzrə vasitəçi qurumu ilə Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasının (İES) reabilitasiyası nəticəsində yaranacaq karbon emissiyasının azaldılması üzrə alqı-satqı müqaviləsi imzalanıb.

Azərbaycanda ilk dəfə olaraq həyata keçirilən bu layihə «Azərbaycan» İES-in 7 ədəd 300 MVt generasiya aqreqatı, soyutma sistemi və tüstü bacasının reabilitasiyasına imkan verəcək. Bunun nəticəsində, enerji səmərəliliyi 32%-dən 41%-dək artacaq və karbon 4 oksid emissiyası kəskin azalacaq.

Qeyd edək ki, 2006-cı ildə fəaliyyətə başlayan Çoxtərəfli Karbon Kreditləri Fondunun əsas məqsədi Qafqaz, Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiyada ətraf mühitə buraxılan karbon emissiyasının azaldılmasına nail olmaqdır.

Bu karbon kreditləri ticarəti çərçivəsində əməkdaşlıq edən şirkətlər və ölkələr ekoloji təmiz layihələr həyata keçirərək daha az karbon emissiyasına nail olmaqla kreditlər qazanır və bunu karbon fondlarına satırlar. Ayrılmış normadan artıq karbon emissiya edən şirkətlər isə buna görə əlavə xərc çəkməklə karbon fondlarından kreditlər alırlar. Nəticədə, daha az karbon emissiyasına nail olmaq üçün rəqabət yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR