Bank Of Baku

«Şahdəniz» yatağının işlənməsi layihəsi üzrə əməliyyat xərcləri 74 mln. dollara, əsaslı xərclər isə 204 mln. dollara çatıb

«Şahdəniz» yatağının işlənməsi layihəsi üzrə əməliyyat xərcləri 74 mln. dollara, əsaslı xərclər isə 204 mln. dollara çatıb
# 19 avqust 2009 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında «BP-Azerbaijan» şirkəti «Şahdəniz» yatağının işlənməsi layihəsinə 74 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri, 204 mln. dollarlıq isə əsaslı xərclər çəkib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bütövlükdə 2009-cu il üçün «BP-Azerbaijan» «Şahdəniz» üzrə əməliyyat xərclərini 322 mln. dollar, əsaslı xərcləri isə 369 mln. dollar həcmində planlaşdırır.

Hasilata gəldikdə isə, 2009-cu ilin birinci yarısında yataq dörd öncəqazma quyusundan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam edib. «Şahdəniz»in birinci mərhələsinin qazı Azərbaycana, GOGC şirkətinə (Gürcüstan), «Botaş»a (Türkiyə) və «BTC Co.»ya satılır.

«Bizim 2009-cu il üçün planımız 7,5 mln. kubmetr qaz və 1,9 mln. ton kondensat hasil etməkdir», - deyə şirkətdən bildirilib.

Cari ilin ilk altı ayı ərzində isə yataqdan 3,4 mlrd. kubmetr qaz və 0,9 mln. ton kondensat hasil olunub: «Hesabat dövründə «Şahdəniz»dəki beş quyudan gündə orta hesabla 19 mln. kubmetr qaz və 40 min barel kondensat hasil edilib. Növbəti bir neçə il ərzində platformadan qazılan yeni quyular işə salındıqca hasilat da artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir».

Xatırladaq ki, «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «StatoilHydro» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək. Eyni zamanda, Türkmənistanın qaz ixracı 145-180 mlrd. kubmetr, Qazaxıstanın isə 60-70 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Göstərilən miqdardan 15-20 mlrd. kubmetr qazı Azərbaycan Avropaya nəql edə biləcək. Müqayisə üçün bildirək ki, Türkmənistan üzrə bu göstərici 20-30 mlrd. kubmetr, Qazaxıstan üzrə isə 10-15 mlrd. kubmetr səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR