Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin gəmiləri Türkmənistan və Rusiyanın neft-qaz yataqlarında kəşfiyyat işlərinə cəlb edilib

Azərbaycan Dövlət Neft Şirkətinin gəmiləri Türkmənistan və Rusiyanın neft-qaz yataqlarında kəşfiyyat işlərinə cəlb edilib
# 25 avqust 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) gəmiləri Türkmənistan və Rusiyanın neft-qaz yataqlarında kəşfiyyat işlərinə cəlb olunub.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorundakı «Jdanov Bankəsi» yatağına ezam olunmuş ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının «Zöhrab Vəliyev» mühəndis-geoloji gəmisi burada sualtı qruntda kəsilişin üst hissəsinin fiziki-mexaniki xüsusiyyətlərinin, həmçinin hasilat platformasının tikintisi üçün dəniz dibinin təhlükəsiz ərazilərinin öyrənilməsinə başlayıb. Gəmidə Kompleks Geoloji-Kəşfiyyat və Topoqrafiya İdarəsinin mühəndis geologiyası üzrə 20 mütəxəssisdən ibarət ekspedisiyası çalışır. Gəmi dənizin 23 metr dərinliyində lövbər salıb. Onun göyərtəsindən 80 metr dərinliyində iki geoloji quyunun qazılması və 30 metr dərinliyində bir quyuda statik zondlama vasitəsi ilə kern nümunələri götürülməsi nəzərdə tutulur.

Ezamiyyətdə olduğu 30 gün ərzində «Zöhrab Vəliyev» gəmisi dənizin 65 metr dərinliyindəki «Blok-1» yatağında da çalışacaq. Burada da analoji tədqiqatlar, sualtı qruntda mühəndis-geoloji kəşfiyyat işləri aparılacaq. Bu, 2009-cu ildə «Zöhrab Vəliyev»in xaricə beşinci ezamiyyətidir ki, gəmi üç dəfə Türkmənistanda – «LAM Bankəsi» və «Livanov Bankəsi» yatağında, bir dəfə də Rusiyanın «LUKoil» şirkətinə məxsus «Rakuşeçnoye» yatağında olub.

Bütün adı çəkilən neft-qaz yataqları XX əsrin 70-ci illərində Azərbaycan geoloqları tərəfindən kəşf edilib, lakin müvafiq infrastruktur olmadığı üçün işlənməyib. Artıq qonşu ölkələrin neft şirkətləri neft-qaz hasilatı üçün qurğuların tikintisinə və qısa müddətdə qazma işlərinə başlamağı planlaşdırır. Platformaların layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün sualtı qruntun mühəndis-geoloji tədqiqatı aparılacaq. ARDNŞ-in bu unikal gəmisi həmin məqsədlə icarəyə götürülüb.

Qeyd edək ki, polad materialdan tikilmiş «Zöhrab Vəliyev» gəmisi mürəkkəb hidrometeoroloji şəraitdə əlahiddə olaraq 32 gün üzmək qabiliyyətinə malikdir. Onun göyərtəsindəki qazma dəzgahı suyun 150 metrədək dərinliyində qazma və statik zondlama işlərini həyata keçirə bilir. Ötən il «Zöhrab Vəliyev» gəmisi təmir olunub, ABŞ və Hollandiyadan alınmış müasir geofiziki, geoloji və naviqasiya avadanlığı ilə təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR