Bank Of Baku

Azərbaycanda inşa olunacaq neft-kimya kompleksinin ətraf mühitə təsirini İngiltərə şirkəti qiymətləndirəcək

Azərbaycanda inşa olunacaq neft-kimya kompleksinin ətraf mühitə təsirini İngiltərə şirkəti qiymətləndirəcək
# 26 avqust 2009 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərkimya» Dövlət Şirkəti tərəfindən Azərbaycanın yeni neft-kimya kompleksi və gübrə istehsalatı üzrə «Ətraf mühitin təhlükəsizliyinə və sağlamlığa təsirin qiymətləndirilməsi» ilə bağlı elan olunmuş beynəlxalq tenderin qalibi müəyyənləşib.

«Azərkimya» Dövlət Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bir sıra xarici şirkətlərin iştirak etdiyi tenderdə ətraf mühit resurslarının idarə edilməsi üzrə İngiltərənin ERM ekologiya şirkəti qalib elan olunub. ERM Azərbaycanda yeni yaradılacaq neft-kimya kompleksi və gübrə istehsalatının ekoloji təmizliyi və insan sağlamlığına təsiri ilə bağlı tədqiqat apararaq müvafiq hesabat hazırlayacaq. Həmin hesabatda yeni kompleksin ətraf mühitə və insan sağlamlığına təsiri, onun ekoloji və sosial aspektləri əksini tapacaq.

Müasir texnologiyalar əsasında yaradılacaq 19 zavoddan ibarət yeni kompleks geniş çeşiddə neft-kimya məhsulları və azot gübrələri istehsalı üzrə regionda ən iri müəssisə olacaq. Bu kompleks iqtisadiyyatın tikinti materiallarına, plastik boru və profillərə, boya, lak və həlledicilərə, kimyəvi reagentlərə, rezin məmulatına, müxtəlif təyinatlı sintetik materiallara, mebel ləvazimatına, məişət avadanlığına, eləcə də sənaye və məişət təyinatlı qablara tələbatını tam təmin etməyə imkan verəcək.

Qeyd edək ki, ERM şirkəti 40-dan artıq ölkədə yerləşən 145 ofisi vasitəsilə neft-kimya və kimya sahəsində dünyanın ən aparıcı istehsalat şirkətlərinin ətraf mühit və insan sağlamlığı sahəsində sifarişlərini yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR