Bank Of Baku

«BP-Azerbaijan» bu il neft hasilatını 2% artıracaq

«BP-Azerbaijan» bu il neft hasilatını 2% artıracaq
# 28 avqust 2009 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda «BP-Azerbaijan» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundakı beş hasilat platformasından hasil olunan neftin həcmini ötən illə müqayisədə 2% artırmaq niyyətindədir.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2008-ci ildə AÇG-dən hasil olunan neftin həcmi 252 mln. barel (34 mln. ton) təşkil edibsə, 2009-cu ildə hasilatın 256 mln. barelə (34,7 mln. ton) çatdırılması proqnozlaşdırılır.

Xərclərə gəldikdə isə, cari ilin sonunadək «BP-Azerbaijan» şirkəti AÇG üzrə kapital xərclərinin 1,6 mlrd. ABŞ dolları, əməliyyat xərclərinin isə 743 mln. dollar olacağını proqnozlaşdırır. Bu vəsait yatırılacağı təqdirdə ötən illə müqayisədə şirkətin kapital xərcləri 15,8% azalacaq, əsaslı xərcləri isə 15,2% artacaq.

Şirkətdən həmçinin bildirilib ki, cari ilin sonunadək «BP-Azerbaijan» AÇG-dən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 1,45 mlrd. kubmetr həcmində səmt qazı verməyə planlaşdırır ki, ötən il bu rəqəm 2,1 mlrd. kubmetr təşkil edib. Nəticədə, ARDNŞ-a veriləcək səmt qazının həcmi 2009-cu ildə 31% azalacaq.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «StatoilHydro» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR