Bank Of Baku

Azərbaycanın «Şahdəniz» yatağından qaz hasilatı bu il 8% artacaq

Azərbaycanın «Şahdəniz» yatağından qaz hasilatı bu il 8% artacaq
# 31 avqust 2009 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda «BP-Azerbaijan» şirkəti tərəfindən Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsi çərçivəsində təbii qazın indiyədək ümumi hasilatı 18 mlrd. kubmetri keçəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Şahdəniz»də hasilat işlərinə başladıqdan (2006-cı ilin noyabrın 24-də) 2008-ci ilin sonunadək «BP-Azerbaijan» şirkəti burada 10,4 mlrd. kubmetr qaz hasil edib ki, bunun da 7,1 mlrd. kubmetri ötən il ərzində hasil olunub. Bu ilin sonunadək isə şirkət mavi yanacaq hasilatını 7,7 mlrd. kubmetrə çatdırmaq niyyətindədir ki, bu da ötən 2008-ci illə müqayisədə 8,4% çoxdur. Şirkətin proqnozu yerinə yetirildiyi halda «Şahdəniz»də son 4 ildə ümumi qaz hasilatı 18,1 mlrd. kubmetrə çatacaq.

Bundan başqa, bu ilin sonunda «BP-Azerbaijan» şirkəti «Şahdəniz»dən 1,9 mln. ton kondensat hasil etmək niyyətindədir: «Ötən il «Şahdəniz» yatağından 7,1 mlrd. qaz və 1,8 mln. ton kondensat hasil edilib. Bu il ərzində isə «Şahdəniz»dən 1,9 mln. ton kondensat hasil etmək niyyətindəyik ki, bu da ötən ildəkindən 5,5% çoxdur». Ümumiyyətlə, «Şahdəniz»in işə salınmasından 2008-ci ilin sonunadək «BP-Azerbaijan» şirkəti 2,62 mln. ton kondensat hasil edib.

Qeyd edək ki, hazırda «Şahdəniz»də beş quyudan aparılan gündəlik hasilat təxminən 22 mln. kubmetr qaz və 45 min barel kondensat təşkil edir. Növbəti bir neçə il ərzində platformadan qazılan yeni quyular işə salındıqca hasilat da artacaq. Birinci mərhələdə ən yüksək sabit səviyyənin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. Yatağın işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-35 mlrd. kubmetr təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR