Bank Of Baku

«Azərikimya» Dövlət Şirkətində ekoloji cəhətdən zərərli maddələrin yenidən texnoloji prosesə qaytarılmasına nail olunub

«Azərikimya» Dövlət Şirkətində ekoloji cəhətdən zərərli maddələrin yenidən texnoloji prosesə qaytarılmasına nail olunub
# 08 sentyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərikimya» Dövlət Şirkətində texnoloji qurğuların səmərəliliyinin yüksəldilməsi nəticəsində xammal vahidindən məhsul çıxımının artırılmasına, ekoloji cəhətdən zərərli maddələrin yenidən texnoloji prosesə qaytarılmasına nail olunub. Bu barədə «APA-Economics»ə «Azərikimya» Dövlət Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Mövcud qurğu və avadanlıqların səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən sonra ekoloji şəraitin daha da yaxşılaşdırılmasına nail olunub. Şirkətin İstehsalat idarəsinin rəisi Firəddin Axundov bildirib ki, «Azərikimya»nın müəssisələrində istehsalın stabilliyini, qurğuların təhlükəsiz və ekoloji cəhətdən normal istismarını təmin etmək məqsədilə son vaxtlarda bir çox vacib texniki tədbirlər, o cümlədən ixtiraçılar və səmərələşdiricilər tərəfindən təklif olunan yeniliklər həyata keçirilir. “Sintezkauçuk” zavodunun texniki izopropil spirti - TİS sexində aparılmış yeniliklər nəticəsində texnoloji qurğuda boşdayanmaların qarşısı alınıb, onun fasiləsiz işləməsi təmin edilərək məhsul itkisi aradan qaldırılıb. Eyni zamanda ətraf mühitə atılan qaz tullantıları təkrar istehsala qaytarılıb. Həmin sexin vakuum-buxarlandırma qurğusunda aparılmış texniki dəyişiklik nəticəsində isə işlənmiş sulfat turşusunun qatılığı yüksək həddə - 65%-ə çatdırılıb ki, bununla da son məhsulun alınması üçün sulfat turşusunun sərf norması, eyni zamanda məhsulun maya dəyəri aşağı salınıb. Şirkətin və həmin zavodun mütəxəssislərinin birgə texniki yaradıcılıq axtarışlarının nəticəsi olaraq mütləqləşdirilmiş izopropil spirti – MİPS sexində texnoloji sxemin təkmilləşdirilməsi məqsədilə ona yeni rektifikasiya kalonu qoşulub. Bu isə dünya bazarında beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsalına səbəb olub».

Şirkətin «Üzvi sintez» zavodunun poliefir sexində əvvəllər atmosferə atılan etilen oksidi və propilen oksidi buxarları tutularaq dünya bazarında qiymətli sayılan etilenqlikol və propilenqlikol qarışığına çevrilir. Səthi Aktiv Maddələr (SAM) zavodunda isə kaustik soda istehsalında istifadə olunan civə itkisinin qarşısının alınması üçün də tədbirlər həyata keçirilib. Müəssisənin ərazisində uzun illər yığılıb qalmış, tərkibində civə olan çirklənmiş torpaqdan civənin ayrılması və fiziki-kimyəvi üsulla təmizləndikdən sonra yenidən texnoloji prosesə qaytarılması həyata keçirilib. Bu üsulla 20 tona yaxın civə yenidən elektroliz prosesinə qaytarılıb. Civə ilə çirklənmiş axıntı sularının xüsusi qapalı sisteminin yaradılması isə ümumi zavod kanalizasiyasına civə və civə birləşmələrinin düşməsinin qarşısı birdəfəlik alınıb. Zavodda həmçinin propilen oksidi istehsalatında yaranan abqazların zərərsizləşdirilməsi həyata keçirilib.

Etilen-Polietilen zavodunda da məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi, xammal və materiallardan qənaətlə istifadə edilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Etilen istehsalatında sərf normasının aşağı salınması və qurğunun iqtisadi göstəricilərinin yaxşılaşdırılması məqsədilə yenidənqurma işləri aparılıb. Nəticədə yüksək temperatur rejimində işləyən sobaların tablaşdırıcı aparatlarının tez-tez sıradan çıxmasının qarşısı alınıb, sobaların istismar müddəti artıb. Digər bir səmərələşdirici təklif üzrə reaktorların katalizatorlarının dəyişdirilməsi sayəsində etilenin tərkibindəki kənar qarışıqların miqdarı azaldılıb və xammal itkisi minimuma endirilib.

Şirkətdən onu da bildiriblər ki, «Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram» çərçivəsində sürüşmə ehtimalı olan zonalarda torpaqların erroziyasının qarşısının alınması üçün meşə zolaqlarının, yaşıllıqların salınması həyata keçirilir. Bu günədək zavoddaxili və zavodlar ətrafı 22 hektar ərazidə 42 mindən artıq müxtəlif ağac əkilib. Onların vaxtaşırı suvarılması üçün həmin ərazilərə ümumi uzunluğu 16680 m olan su xətti çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR