Bank Of Baku

Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin II fazasına 22 mlrd. dollar sərmayə tələb olunur

Azərbaycanın «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin II fazasına 22 mlrd. dollar sərmayə tələb olunur
# 15 sentyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağının işlənməsi layihəsinin ikinci mərhələsinin icrasına 20-22 mlrd. ABŞ dolları həcmində sərmayə tələb olunur. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda layihənin ikinci fazası çərçivəsində qazın nəqli və satışı ilə bağlı məsələlər müzakirə olunur.

ARDNŞ başçısı qeyd edib ki, 2020-ci ilədək Azərbaycanda illik qaz hasilatının 35-40 mlrd. kubmetrə çatacağı gözlənilir. «Şahdəniz» yatağının ümumi ehtiyatları 1 trln. kubmetrdən artıq qiymətləndirilir.

Qeyd edək ki, hazırda «Şahdəniz»də beş quyudan aparılan gündəlik hasilat təxminən 22 mln. kubmetr qaz və 45 min barel kondensat təşkil edir. Növbəti bir neçə il ərzində platformadan qazılan yeni quyular işə salındıqca hasilat da artacaq. Birinci mərhələdə ən yüksək sabit səviyyənin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir.

Xatırladaq ki, «Şahdəniz» yatağın ümumi ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. Yatağın işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 30 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları isə BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Qeyd edək ki, 2015-2030-cu illərdə Azərbaycanın qaz ixracı ildə 30-40 mlrd. kubmetr təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR