Bank Of Baku

Reynhard Mitçek: «Bir çox beynəlxalq maliyyə təşkilatı «Nabucco» layihəsində iştirakda maraqlıdır»

Reynhard Mitçek: «Bir çox beynəlxalq maliyyə təşkilatı «Nabucco» layihəsində iştirakda maraqlıdır»
# 16 sentyabr 2009 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Rəşad Süleymanov – APA-Economics. «Nabucco» layihəsi çərçivəsində regiondakı mövcud qaz kəmərlərinin ötürmə gücü artırılacaq. «APA-Economics»in bildirdiyinə görə, bunu Bakıda keçirilən «Gas Infrastructure World Caspian-2009» (Xəzər regionunun qaz infrastrukturu) adlı konfransda «Nabucco» Beynəlxalq Qaz Kəməri Şirkətinin direktoru Reynhard Mitçek bildirib.

R.Mitçek layihə çərçivəsində yeni kəmərlərin tikintisini də istisna etməyib.

Şirkət rəsmisinin sözlərinə görə, artıq bir çox beynəlxalq maliyyə institutu layihəyə öz marağını ifadə edib: «Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə institutları layihədə iştirakda maraqlıdır. AYİB-lə ötən il və bu il keçirilmiş danışıqlardan sonra bank layihə çərçivəsində avadanlıqların alınmasını maliyyələşdirməyə razılıq verib».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR