Bank Of Baku

Reynhard Mitçek: İran «Nabucco»nun təchizat mənbələrindən biri ola bilər

Reynhard Mitçek: İran «Nabucco»nun təchizat mənbələrindən biri ola bilər
# 16 sentyabr 2009 16:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İran gələcəkdə «Nabucco» qaz kəmərinin təchizat mənbələrindən biri ola bilər. Bunu «APA-Economics»ə açıqlamasında «Nabucco» Beynəlxalq Qaz Kəməri Şirkətinin direktoru Reynhard Mitçek bildirib.
R.Mitçekin sözlərinə görə, İranın böyük qaz ehtiyatlarının olması layihənin payçılarına bəllidir. Bu ölkədən qazın ixracı üçün İranla uzunmüddətli müqavilələr bağlanılmalıdır: «Hesab edirik ki, İranın layihəyə cəlbi üçün bu ölkədə sabit siyasi mühit olmalıdır. Regionda Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə siyasi mühit sabitdir».

Şirkət rəsmisi onu da vurğulayıb ki, ümumilikdə təchizat mənbələri ilə bağlı risklər toplanıb təhlil ediləndən sonra alıcılar qazı hansı ölkədən alacaqları barədə qərarı verəcəklər.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR