Bank Of Baku

Azərbaycan ilk qızıl partiyasını 977 dollar/unsiya qiyməti ilə ixrac edib

Azərbaycan ilk qızıl partiyasını 977 dollar/unsiya qiyməti ilə ixrac edib
# 17 sentyabr 2009 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov, Elmin İbrahimov – APA-Economics. Azərbaycanda istismarına yeni başlanılan «Gədəbəy» filiz yatağından avqust ayında çıxarılmış 1 409 unsiya qızılın 1 229 unsiyadan ibarət ilk partiyası dünya bazarında 977 dollar/unsiya qiyməti ilə satılıb. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Gədəbəy» yatağının işlənilməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin tərəflərindən olan «Anglo Asian Mining Plc.» şirkəti məlumat yayıb.

Şirkət əlavə olaraq sentyabrın 1-dən 8-dək 700 unsiya qızıl hasil edərək emala təhvil verilib. Emal nəticəsində əldə olunmuş 546 unsiya miqdarındakı qızıl da bu günlərdə satışa göndərilib.

Şirkətin planlarına görə, sentyabrın sonuna ümumilikdə 2 200 unsiya qızıl hasil olunacaq. Oktyabrda istehsal həcminin 3 300 unsiyaya çatdırılmasına dair planlar isə emal zavodunda filiz üyüdən qurğuların işə salınmasında yaranan problemlərlə bağlı yerinə yetirilməyə bilər.

Şirkətin hesabatında bildirilib ki, avqust ayında hər tonunda orta hesabla 4 qram qızıl qarışığı olmaqla 34 min ton filiz üyüdülüb. Araşdırmalar zamanı məlum olub ki, yatağın əksər hissələrində süxurların tərkibindəki qızıl kəşfiyyat işləri zamanı qeydə alınan göstəricidən xeyli yüksəkdir. Vəziyyəti aydınlaşdırmaq üçün «SGS Mineral Services» şirkətindən avqustun sonunda məsləhətçi dəvət olunub və daha dəqiq modelin yaradılması məqsədi ilə yatağın geoloji və cari qazıntı nəticələri yenidən baxılmaya təqdim olunub.

Xatırladaq ki, filiz hasilatının həcminin noyabrda 60 min tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub. Gədəbəydə qızıl ayırma zavodu cari ilin may ayında istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR