Bank Of Baku

Azərbaycanda energetika və ekologiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Azərbaycanda energetika və ekologiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
# 23 sentyabr 2009 10:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Energetika, ekologiya və iqtisadiyyat» adlı X Beynəlxalq Konfrans işə başlayıb. «APA-Economics»in məlumatına görə, tədbirin təşkilatçıları rolunda Azərbaycan Sənaye və Energetika Nazirliyi, Milli Elmlər Akademiyası (AMEA) və Beynəlxalq Ekoenergetika Akademiyası çıxış edir.

Tədbirin açılış mərasimində çıxış edən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev bildirib ki, konfransa Azərbaycan alimləri tərəfindən 275, xarici ölkələrdən 30 elmi iş təqdim olunub. Konfransda qeyri-neft sektoruna dair çoxlu sayda məsələlərin müzakirəsi, araşdırmaların təqdimatlarının keçirilməsi planlaşdırılır. Tədbirdə «Müasir inşaat təcrübəsi – yüksək keyfiyyətlə inşa edilmiş binaların üstünlükləri», «Qalvanik örtüklərin ətraf mühit üçün təhlükəsiz yolla istehsalı sahəsində yeni texnologiyaların tətbiqi», «Neft, qaz və suların çıxarılması zamanı yer səthində baş verə biləcək risklərin monitorinqi üçün «Satelite SAR» sisteminin tətbiqi», «Bərpa olunan enerji sistemlərinin inkişafında qanunvericilik sənədlərinin əhəmiyyəti», ««Azərenerji» sisteminin inkişaf istiqamətləri», «Xəzər dənizinin bioloji resurslarının müasir vəziyyəti», «Xəzər dənizinin su-duz balansı», «Azərbaycanın neft emalı və neft kimya istehsalı ilə bağlı ekoloji problemlər», «İqlim dəyişikliyinin ətraf mühitə təsirləri» və s. mövzularda məruzələr dinləniləcək.

Sənaye və energetika naziri Natiq Əliyev isə bildirib ki, bu gün Azərbaycanın energetika sektorunda sürətli inkişaf prosesi gedir. Hazırda Azərbaycanda istehsal edilən elektrik enerjisi və təbii qazın müəyyən hissəsi ixrac olunur. Nazir sənayenin inkişafının bir sıra ekoloji problemlər meydana çıxardığını və bu problemlərin həlli üçün ekoloji proqramlara hər il baxılmasının vacibliyinə toxunub.

AMEA-nın prezidenti Mahmud Kərimov da çıxışında energetika sektorunda müasir texnologiyaların tətbiqinin vacibliyindən danışıb.

Daha sonra F.Əliyev sənaye və energetika naziri Natiq Əliyevə, AMEA prezidenti Mahmud Kərimova və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya Beynəlxalq Ekoenergetika Akademiyasının «Qızıl Medal»ını təqdim edib.

Qeyd edək ki, tədbirdə ABŞ, Yaponiya, Ukrayna, İtaliya da daxil olmaqla 30-dan artıq ölkədən nümayəndə heyətləri iştirak edir. Konfrans üç gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR