Bank Of Baku

Azərbaycan prezidenti neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayacaq komissiyanın tərkibini təsdiqləyib

Azərbaycan prezidenti neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflər hazırlayacaq komissiyanın tərkibini təsdiqləyib
# 24 sentyabr 2009 07:20 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamın preambula hissəsində bildirilir ki, son illərdə Azərbaycan Respublikasında neft-qaz strategiyasının uğurla həyata keçirilməsi nəticəsində bir sıra mühüm nailiyyətlər əldə olunub. Bu əsasən neft hasilatının sabitləşdirilməsi, təbii və səmt qazlarının hasilatının kəskin şəkildə artırılması və bunun hesabına ölkənin enerji təhlükəsizliyinin təmin edilməsidir. Hazırda fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələri hasil olunan karbohidrogen resurslarının emalı hesabına respublika iqtisadiyyatının tələbatını əsasən ödəyir. Lakin son illərdə neftin emal dərinliyinin xeyli artaraq dünya standartları səviyyəsinə çatdırılmasına baxmayaraq, təbii və səmt qazlarının emalı, neft-kimya sənayesi müəssisələrinin səviyyəsi, neft məhsullarının çeşidləri və keyfiyyəti dünya standartlarına hələlik cavab vermir. Bununla bağlı neft-qaz sənayesində olan problemlərin həlli üçün karbohidrogen resurslarının müasir standartlara uyğun kompleks şəkildə emalının təşkil edilməsi zərurəti yaranır.

Prezident bu amilləri nəzərə alaraq, neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişafı yollarının əsas prioritet istiqamətini müəyyənləşdirmək və iqtisadi, ekoloji cəhətdən əsaslandırılmış təkliflər hazırlamaq məqsədi ilə Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün komissiyanın tərkibini təsdiq edib. Sərəncama əsasən, baş nazirin birinci müavini Yaqub Eyyubov komissiyanın sədri, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, sənaye və energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, “Azərikimya” Dövlət Şirkətinin prezidenti Məcid Kərimov, Nazirlər Kabineti Aparatının neft və kimya şöbəsinin müdiri Rasim Dadaşov komissiyanın üzvləri təyin olunublar. Komissiyaya üç ay müddətində təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR