Bank Of Baku

İlin sonunadək «Günəşli» yatağındakı platformalardan 5 yeni qaz quyusu istismara veriləcək

İlin sonunadək «Günəşli» yatağındakı platformalardan 5 yeni qaz quyusu istismara veriləcək
# 10 oktyabr 2009 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının «Azərbaycan» kran gəmisi qazma qurğusu və onun üçün nəzərdə tutulmuş buruqaltı postamenti «Günəşli» yatağındakı 6 saylı platformaya çatdırıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ağır yüklərin quraşdırılması üzrə ixtisaslaşan «General Əliağa Şıxlinski» kran gəmisi vasitəsi ilə qazma qurğusu və postament «Azərbaycan»ın göyərtəsindən götürülərək platformaya aparılıb və orada quraşdırılıb. «General Əliağa Şıxlinski» kranının köməyi ilə layihə yerində quraşdırılmış qazma dəzgahı işə hazırdır və artıq son sazlama işləri aparılır.

Qeyd edək ki, 18 quyunun qazılması üçün nəzərdə tutulan 6 saylı neftqazçıxarma platforması 1986-cı ilin avqust ayında istismara verilib. Ötən 23 il ərzində nəzərdə tutulmuş bütün quyular qazılıb, 5,1 mln. ton neft, 2,2 mlrd. kubmetr qaz hasil edilib. Hazırda burada istismar olunan 7 quyudan sutkada 240 min kubmetr qaz, 100 ton neft (kondensatla) hasil olunur.

ARDNŞ-da həyata keçirilən Qaz Proqramına uyğun olaraq, bu platformadan daha 3 qaz quyusunun qazılması qərara alınıb. Quyular təxminən 4000 metr dərinliyə qazılmalıdır. Məqsəd indiyədək bu platformada istismar olunmayan, lakin qonşu platformalarda yaxşı nəticələr verən alt horizontlarda yerləşən qazın hasil olunmasıdır. Eyni qərar 1986-cı ildən istismar edilən 10 saylı platforma haqqında da verilib. Orada indiyədək 24 quyu qazılıb, əlavə 3 qaz quyusunun qazılması nəzərdə tutulur.

Bu ilin mayından Kompleks Qazma İşləri Tresti artıq həmin platformada 3500 metr dərinliyindəki 61 nömrəli quyunun qazmasına başlayıb və bu ilin sonunadək quyu istismara veriləcək. Beləliklə, ilin sonuna kimi «Günəşli» yatağındakı platformalardan daha 5 yeni qaz quyusunun istismara veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR