Bank Of Baku

Bakıda «Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə və Azərbaycanda inkişaf perspektivləri» konfransı keçirilir

Bakıda «Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə və Azərbaycanda inkişaf perspektivləri» konfransı keçirilir
# 12 oktyabr 2009 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə «Bərpa olunan enerji - beynəlxalq mütərəqqi təcrübə və Azərbaycanda inkişaf perspektivləri» adlı konfrans işə başlayıb. «APA-Economics»in məlumatına görə, iki gün davam edəcək konfrans Azərbaycan Sənaye və Energetika Nazirliyi və Avropa İttifaqı ilə birgə təşkil olunub.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, bərpa olunan enerji mənbələrinin işlənilməsi ATƏT-in prioritetləri sırasında yer tutur. Bərpa olunan enerji mənbələrindən istifadənin nəinki Azərbaycan, bütün ölkələr üçün önəmli olduğunu vurğulayan ATƏT nümayəndəsi əksər ölkələrin külək və günəş enerjisindən istifadəyə başladığını qeyd edib.

Sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov isə Azərbaycan hökumətinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsində maraqlı olduğunu, bu məqsədlə xüsusi dövlət proqramının hazırlandığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, Azərbaycanda alternativ enerji mənbələrinin işlənilməsi üçün geniş imkanlar mövcuddur.

Almaniya Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin departament müdiri Andreas Obersteller isə Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi üzrə Azərbaycanla birgə iş aparıldığını vurğulayıb. A.Obersteller onu da vurğulayıb ki, bu gün təmsil etdiyi qurum Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə memorandum imzalayacaq. Bu memoranduma uyğun olaraq gələcəkdə Azərbaycanın enerji şirkətlərinin mütəxəssisləri Almaniyada təhsil ala və təcrübə mübadiləsi apara biləcəklər.

Qeyd edək ki, konfransda alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi ilə məşğul olan müxtəlif şirkətlər tərəfindən təqdimatlar və məruzələr nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR