Bank Of Baku

Azərbaycanın aparıcı sement istehsalçısı Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına istehsal və ixracın həcmini artıracaq

Azərbaycanın aparıcı sement istehsalçısı Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına istehsal və ixracın həcmini artıracaq
# 12 oktyabr 2009 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-yə 120 mln. avro məbləğində kredit ayıracaq.

«APA-Economics»in məlumatına görə, bu gün Bakıda keçirilən AYİB və «Qaradağ Sement» ASC arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə dair təşkil olunan mətbuat konfransında çıxış edən «Qaradağ Sement»in səhmdarları sırasında olan Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev qeyd edib ki, kredit şirkətin modernləşməsi və inkişafına yönəldiləcək. Nəticədə, zavodun istehsal həcmi, o cümlədən ixracın həcmi artacaq.

Tədbirdə çıxış edən «Qaradağ Sement» ASC-nin baş direktoru Horia Adrian bildirib ki, AYİB 2006-cı ildən zavodda 10%, AİŞ isə 2008-ci ildən «Qaradağ Sement»də 10% paya sahib olub: «Hələ 2000-ci ildə zavodun illik sement satışının həcmi 380 min ton təşkil edirdi. Lakin artıq 2008-ci ildə bu rəqəm 1,350 mln. tona çatıb. Zavodda inşa olunacaq yeni soba nəticəsində bizim şirkət illik sement istehsalını 1,3 mln. tondan 1,7 mln. tonadək artıracaq. Ümumiyyətlə isə, 2011-ci ilədək zavodun 70-80%-i müasirləşdiriləcək və ətraf mühitə tullantıların həcmi maksimum azaldılacaq».

H.Adrian onu da bildirib ki, yeni sobanın inşası layihəsinin ümumi dəyəri 300 mln. avro təşkil edir, onun 120 mln. avrosunu AYİB ayıracaq, qalan hissəsini isə zavodun əsas səhmdarı olan İsveçrənin «Holcim» şirkəti və zavodun biznes fəaliyyəti nəticəsində təqdim olunacaq: «Yeni sobanın inşasının 2011-ci ilin II rübündə başa çatacağı gözlənilir».

Qeyd edək ki, AYİB ilə kredit sazişi bu ilin iyul ayında imzalanıb.

Tədbirdə iştirak edən AYİB-in Qafqaz regionu, Moldova və Belarus üzrə direktoru Pol-Henri Forestier qeyd edib ki, Bankın «Qaradağ Sement»ə ayırdığı kredit nəticəsində zavodun klinker istehsalı 40%, sement istehsalı isə 30% artacaq. «Ümumiyyətlə, AYİB-in Azərbaycan üzrə hazırkı portfeli 911 mln. ABŞ dolları təşkil edir ki, Bank Azərbaycanla əməkdaşlıq etdiyi dövrdə maliyyə, infrastruktur və enerji sektorlarında 110 layihə həyata keçirib».

Qeyd edək ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda «Holcim» (76%), AYİB (10%) və Azərbaycan İnvestisiya Şirkəti (10%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR