Bank Of Baku

Azərbaycan nefti Asiya ölkələrinə Misirdən keçməklə daşınacaq

Azərbaycan nefti Asiya ölkələrinə Misirdən keçməklə daşınacaq
# 20 dekabr 2010 08:42 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyinddən «APA-Economics»ə verilən məlumata görə, bu ölkənin neft naziri Samih Fəhminin dəvəti əsasında reallaşan səfər çərçivəsində N.Əliyev Misirin baş naziri Əhməd Nəzif, neft naziri S.Fəhmi ilə görüşüb, İsgəndəriyyə şəhərində yerləşən «MİDOR-Middle East Oil Refinery», «SUMED-Arab Petrolium Co.», «Enppi-Engineering for the Petroleum and Process İndustries» və «Petrojet» kimi neft və qazın qəbulu, emalı və nəqli ilə məşğul olan və neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olub və bu şirkətlərin ekspertlərinin təqdimatlarını dinləyib.

Baş nazir Ə.Nəzif ilə görüşdə N.Əliyev hər iki ölkənin malik olduğu iqtisadi potensialı nəzərə alaraq, yanacaq və energetika sahəsi daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı və ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Misirin Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd edən Ə.Nəzif əməkdaşlığın dərinləşdirilməsi üçün bütün imkanların mövcud olduğunu, bu sahədə neft və qazın ixracı və emalı sənayesinin xüsusi payının olduğunu bildirib.

Bu ilin iyun ayında Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşlərini xatırladan Misirin neft naziri S.Fəhmi Azərbaycan ilə Misir arasında neftin satışı və emalı sahəsində əməkdaşlığın surətlə inkişaf etdiyini vurğulayıb və qarşılıqlı maraq doğuran bir sıra layihələr üzrə müzakirələrin aparıldığını bildirib. Misirin Aralıq dənizi sahilində yerləşən «MİDOR-Middle East Oil Refinery» neftayırma zavodunda ARDNŞ-in alt-strukturu olan «SOCAR Trading» şirkətinin neftinin artıq emal olunduğunu qeyd edən N.Əliyev bu göstəricinin daha da artırılması və Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-Şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırıb.

Yeri gəlmişkən, N.Əliyev bu məsələ ilə bağlı praktiki müzakirələrin aparılması üçün misirli həmkarını yaxın vaxtlarda Azərbaycana səfərə dəvət edib və qarşı tərəf dəvəti qəbul edib.

Qeyd edək ki, səfərdə N.Əliyevi Dövlət Neft Şirkətinin nümayəndələri və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik S.Qarayev müşayiət edib. Səfərin sonunda N.Əliyev və S.Fəhminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası və Misir Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən «OGS-Egyptian Oil and Gas Skills Company» şirkəti arasında kadrların hazırlanması, təcrübə və tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR